“Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik”. AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev sentyabrın 14-ü Bakının Maştağa qəsəbəsindəki 28 nömrəli tam orta məktəbin açılış mərasimində, müəllim və şagirdlərlə görüşündə belə deyib.
Dövlət başçısı deyib ki, bu il Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub: “Demək olar ki, Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Hələ də təmirə ehtiyacı olan məktəblər var və biz onları gələn illərdə təmir edəcəyik. Ölkəmizdə isə bu il 200-dən çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. O kəndlərdə ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə idi. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da ümid edirəm ki, gələn il başa çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək. İstəyirəm ictimaiyyət onu da bilsin ki, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir”.
Prezident deyib ki, bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib: “Bu, müəllim peşəsinə olan marağın ən bariz nümunəsidir. Müqayisə üçün deməliyəm ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi, indi isə 2 min. Bu, məktəb fondunun müasirləşdirilməsini, məktəblərin əksəriyyətində gözəl şəraitin olmasını, müəllimlərin məişət problemlərinin həllini göstərir. Son illər ərzində müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir. Bu, çox sevindirici haldır. Ona görə müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq. Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcək.
Uşaqlar yaxşı oxumalıdırlar, gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün ilk növbədə gərək bilikli, savadlı olsunlar. Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar, neft-qaz resursları – bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar”.
Dövlət başçısı ölkənin dünyadakı rolunun, əhəmiyyətinin artdığını vurğulayıb: “Bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə icra edilə bilməz. Yaşadığımız regionda bizim siyasətimizdən, qərarımızdan çox şey asılıdır. Əlbəttə, bu amili nəzərə alaraq Azərbaycana təsir etmək istəyən xarici qüvvələrin də sayı az deyil. Azərbaycan vətəndaşları bunu bilirlər. Ancaq bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza uyğun olmayan təşəbbüslərə çəksinlər. Ona görə ki, bizim çox güclü siyasi iradəmiz, güclü iqtisadi potensialımız var. Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik. Prezident kimi fəaliyyətim dövründə bu əsas nəticələrdən biridir ki, bu gün Azərbaycan tam müstəqil siyasət aparır. O siyasət ki, milli maraqlar və ənənəvi dəyərlər üzərində qurulub. Elə etməliyik ki, gələcək nəsil də öz gələcəyini bu istiqamətdə görsün. Gələcək nəsil də ilk növbədə vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaq. Belə olan halda Azərbaycan daim müstəqil siyasət aparacaq. Çünki bizim siyasətimiz həyatda öz əksini tapıb.
İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial böhranlar, inqilablar geniş vüsət alıb. Təhlükə mənbələri getdikcə artır. Getdikcə daha çox narahatedici məqamlar üzə çıxır. Ancaq Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda insanlar sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda sosial və iqtisadi məsələlər öz həllini tapır. Bu gün dünya miqyasında, xüsusilə yaşadığımız regionda Azərbaycan seçilən ölkələrdəndir. Sülh, əmin-amanlıq, inkişaf, sosial rifah Azərbaycanda təmin edilir və bundan sonra da təmin olunacaq. Çünki bizim gələcəyimizlə bağlı heç bir narahatlıq, heç bir şübhə yoxdur. Çünki biz bundan sonra da ancaq inkişaf yolu ilə gedəcəyik”.