1 iyul 2018-ci ilə Azərbaycanın xarici dövlət borcu 9 milyard 600,2 milyon ABŞ dolları, onun ümumi daxili məhsula (ÜDM) nisbəti 21,9 faiz olub. Hesabatı yayan Maliyyə Nazirliyi bildirir ki, hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə alınan kreditlər üzrə şərti öhdəliklərin daxil edildiyi borc həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Novator.az-ın məlumatına görə, yarım ildə borc 201,9 milyon dollar artıb. 1 yanvar 2018-ci ilə xarici dövlət borcu 9 milyard 398,3 milyon ABŞ dolları, onun ÜDM-ə nisbəti 22,8 faiz idi.
1 yanvar 2011-ci ilə xarici borcun həcmi 3 milyard 857,3 milyon ABŞ dolları olub. Maliyyə Nazirliyi borcun ÜDM-ə nisbətini 7,42 faiz göstərib.
1 yanvar 2012-ci ilə xarici dövlət borcu 4 milyard 816,7 milyon ABŞ dollarına yüksəlib, onun ÜDM-ə nisbəti 7,6 faiz təşkil edib.
1 yanvar 2013-cü ilə xarici dövlət borcu 5 milyard 708,4 milyon ABŞ dollarına, xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,3 faizə yüksəlib.
1 yanvar 2014-cü ilə olan hesabata görə, xarici dövlət borcu 4 milyard 753,2 milyon manat olub, onun ÜDM-ə nisbəti 8,2 faizə enib.
1 yanvar 2015-ci ilə xarici dövlət borcu 6 milyard 478,2 milyon ABŞ dolları (5 milyard 81,5 milyon manat) olub.
1 yanvar 2016-cı ilə olan rəsmi hesabata görə, Azərbaycanın xarici dövlət borcu 6 milyard 894,3 milyon ABŞ dollarına, onun ümumi daxili məhsula nisbəti 19,8 faizə yüksəlib.
1 yanvar 2017-ci ilə xarici dövlət borcu 6 milyard 913,2 milyon ABŞ dolları, borcun ÜDM-ə nisbəti 20,4 faiz olub.
Bu il avqustun 24-də prezident İlham Əliyev sərəncam imzalayaraq “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya”nı təsdiqləyib. Sənədə əsasən, xarici dövlət borcunun 2018-ci ildə nominal ifadədə artaraq 9,42 milyard dollar olacağı, 2025-ci ildə 3,8 milyard dollaradək azalacağı gözlənir.