Oktyabrın 28-i Gürcüstanda prezident seçkisi keçiriləcək. Mərkəzi Seçki Komissiyasında ilkin olaraq 44 iddiaçı qeydə alınıb.
Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası seçkidə Salome Zurabişviliyə dəstək verir.
Novator.az bildirir ki, Salome Zurabişvili 1952-ci il martın 18-i Fransanın paytaxtı Parisdə, gürcü mühacirlərin ailəsində anadan olub. Paris Siyasi Elmlər İnstitutunu və ABŞ-ın Kolumbiya Universitetini bitirib.
1974-cü ildən Salome Zurabişvili Fransa Xarici İşlər Nazirliyi sistemində çalışıb. Fransanın İtaliyadakı səfirliyində üçüncü katib, BMT-dəki nümayəndəliyində ikinci katib, ABŞ-dakı səfirliyində birinci katib, Çaddakı səfirliyində birinci katib postlarını tutub.
Salome Zurabişvili 1992-ci ildən Fransanın NATO-dakı nümayəndəliyinin birinci katibi, 1993-cü ildən Fransanın Avropa İttifaqındakı daimi nümayəndəsinin müavini olub, sonrakı illərdə Fransa Xarici İşlər Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2003-cü ildə Gürcüstana səfir göndərilən Salome Zurabişvili 2004-cü ildən bu ölkənin xarici işlər naziri olub.
2005-ci ildə nazir postundan gedən Salome Zurabişvili əvvəl ictimai hərəkat, sonra müxalif partiya yaradıb. 2010-cu ildə Salome Zurabişvili partiya rəhbərliyindən ayrılıb.
Hazırda parlamentin deputatıdır.
Gürcüstanda prezidentin səlahiyyətləri məhduddur. Hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 115 mandat qazanıb. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir.