Armeniasputnik.am saytı Ermənistan paytaxtı Yerevanda mer postuna iddia edən namizədlərlə bağlı internet sorğusu keçirir.
Yerevan Şəhər Şurasına sentyabrın 23-də keçiriləcək seçkiyə 12 ictimai-siyasi qüvvə buraxılıb. Proporsional üsulla seçilən 65 yerlik Şəhər Şurasında mandatların yarıdan çoxunu götürən qüvvənin siyahısına başçılıq edən şəxs mer postunu tutacaq. Heç bir qüvvə mandatların yarıdan çoxunu əldə etməsə, meri Şəhər Şurası seçəcək.
Novator.az-ın 11 sentyabr məlumatına görə, Armeniasputnik.am-ın sorğusunda baş nazir Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” bloku önə çıxıb: 34,8 faiz. Bu blokun namizədlərinin siyahısında Ayk Marutyan birincidir.
Daşnaksütun Partiyasına (siyahısına Mikael Manukyan başçılıq edir) sorğu iştirakçılarının 18,7 faizi dəstək verir.
Çiçəklənən Ermənistan Partiyası (Naira Zöhrabyan) respondentlərin 13,2 faizinin səsini alıb.
Qalan iddiaçılar belə sıralanıb:
Əriklər Ölkəsi Partiyası (Zarui Postancyan) – 8,7 faiz
İşıq bloku (Artak Zeynalyan) – 7,6 faiz
İrs Partiyası (Raffi Ovannisyan) – 4,5 faiz
Yerevan ictimaiyyəti bloku (Anait Tərxanyan) – 4,2 faiz
Yerevanlılar bloku (Ararat Zurabyan) – 2,4 faiz
Demokratik Yol Partiyası (Manuel Qasparyan) – 2,1 faiz
Qanunçuluq Ölkəsi Partiyası (Mger Şahgeldyan) – 1,7 faiz
Ayk Partiyası (Gevorq Ovsepyan) – 1,4 faiz
İslahatçılar Partiyası (Artak Avetyan) – 1 faiz.
Partiyalar Şəhər Şurasında təmsil olunmaq üçün azı 6 faiz, bloklar 8 faiz səs toplamalıdır.