Gürcüstanda prezidentliyə namizədlərin irəli sürülməsi başa çatıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasına 45 iddiaçı müraciət edib. Onların 19-u partiyalı, 26-sı müstəqil namizəddir. Rəsmi namizəd kimi qeydə alınmaq üçün iddiaçılar 26 minə yaxın seçici imzası yığmalıdır.
Prezident seçkisi oktyabrın 28-də keçiriləcək. Bu, sonuncu ümumxalq səsverməsidir. 6 il müddətinə seçiləcək prezidentin səlahiyyətləri başa çatandan sonra növbəti dövlət başçısının kimliyini parlamentin deputatları və yerli özünüidarəetmə orqanlarının təmsilçilərindən ibarət kollegiya müəyyən edəcək.
Gürcüstanda prezidentin səlahiyyətləri məhduddur. Hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 115 mandat qazanıb. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir.
Hakim partiya 28 oktyabr seçkisində müstəqil namizəd, deputat Salome Zurabişviliyə dəstək verəcəyini bəyan edib.