Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “Kommersant” qəzetinə müsahibə verib. Novator.az-ın məlumatına görə, Azərbaycanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusunda təmsil olunması barədə söhbətlərə toxunan baş nazir deyib: “Ermənistanın razılığı olmadan belə qərarlar verilə bilməz. Biz hər gün Azərbaycandan hədələr eşidirik. Azərbaycan bu məqsədlərə çatmaq istəyirsə, ilk növbədə Ermənistanla münasibətlərini tənzimləməlidir”.
Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsindən danışarkən sülh danışıqlarının dalana dirəndiyini vurğulayıb və bunda Azərbaycanı günahlandırıb: “Niyə danışıqlar dalana dirənib? Çünki Azərbaycan hərbi ritorikadan istifadə edir, Ermənistanı müharibə ilə hədələyir. Belə şəraitdə konstruktiv danışıqlar mümkün deyil. Danışmaq üçün atmosfer yaratmaq gərəkdir. Ermənistan buna hazırdır.
Danışıqların formatına gəlincə, mən Ermənistan adından danışıqlarda iştirak etməyə hazıram. Dağlıq Qarabağ xalqı adından isə danışa bilmərəm. Dağlıq Qarabağın öz hakimiyyəti, hökuməti, prezidenti var. Biz münaqişəni həll etmək istəyiriksə, danışıqların formatı düzgün olmalıdır, yəni Dağlıq Qarabağ sülh danışıqlarında tərəf kimi iştirak etməlidir”.
Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasının mümkünlüyü barədə sualı cavablandıran baş nazir deyib: “Dağlıq Qarabağ Konstitusiyasına görə, həmin ərazilər Dağlıq Qarabağ ərazisidir… Tez-tez Ermənistanın güzəştlərə hazır olub-olmadığını soruşurlar. Heç kəs soruşmur ki, Azərbaycan güzəştlərə hazırdırmı. Azərbaycan kompromislərə hazırdırsa, biz də hazırıq. Hazır deyilsə, biz də hazır deyilik”.
Novator.az xatırladır ki, 1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.