Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) sədri İlqar Məmmədov baş prokuror Zakir Qaralova müraciət edib.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Uzun məhkəmə çəkişmələrindən, Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarından sonra 2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovu azadlığa buraxıb. İlqar Məmmədovun cəzasının qalan hissəsinin 2 il sınaq müddəti tətbiq olunmaqla şərti sayılması barədə qərar çıxarılıb.
Novator.az-ın məlumatına görə, baş prokurora sentyabrın 8-də göndərdiyi müraciətində İlqar Məmmədov hakimləri ona qarşı sifarişləri yerinə yetirməkdə günahlandırır, həmin şəxslərə cinayət işi qaldırılmasını istəyir:“Avropa İnsan Hüquqları Məhkəməsinin 2014-cü il oktyabrın 13-də qüvvəyə minmiş qərarı ilə müəyyən edilib ki, mənə qarşı 2013-cü il fevralın 4-dən tətbiq edilən və sonralar müddəti uzadılan həbs qətimkan tədbirinin əsl məqsədi məni susdurmaq, ya da cəzalandırmaq olub. Məhkəmənin qənaətinə görə, mənim azadlığım cinayət törətməkdə əsaslı şəkildə şübhəli bilindiyim üçün deyil, fərqli məqsədlərlə məhdudlaşdırılıb.
Cinayət Məcəlləsinin 295-ci maddəsi hakimlərin bilə-bilə hökm, qətnamə, qərardad, qərar çıxarmasını cinayət əməli kimi tanıyır və buna görə cəza nəzərdə tutur. Cinayət Prosessual Məcəlləsinin (CPM) 204.1-ci maddəsinə əsasən, törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin məlumatları yazılı, şifahi şəkildə ola bilər. CPM-in 207 və 213-cü maddələri isə belə məlumat əsasında cinayət işinin başlanması qaydalarını təyin edir.
Yuxarıdakıları rəhbər tutaraq törədilmiş bu cinayət haqqında sizi məlumatlandırıram: mənə qarşı cinayət əməli törədilib və bu cinayət nəticəsində özümü zərərçəkmiş hesab edirəm. Bu cinayət əməlində iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün müvafiq addımlar atmağınız Azərbaycan qanunvericiliyi ilə tələb olunur”.
Ötən həftə İlqar Məmmədov bəyan edib ki, onunla bağlı çıxarılan məhkəmə hökmlərində 19 hakim iştirak edib. REAL sədrinin qənaətinə görə, onlar qərəzli hökm veriblər: “Həmin hakimlərə cinayət işi qaldırılmalıdır. Mən bu məsələdə axıra qədər gedəcəyəm”.
Respublikaçı Alternativ Partiyası eyni adlı ictimai-siyasi hərəkatın bazasında 2018-ci ilin aprelində təsis olunub. Təsis qurultayında partiyanın sədri vəzifəsinə İlqar Məmmədov seçilib.
İlqar Məmmədov REAL Hərəkatına yarandığı vaxtdan – 2008-ci ildən rəhbərlik edib.