AZƏRTAC prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşündəki çıxışının mətnini yayıb. Sentyabrın 3-ü Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən zirvə görüşünə Azərbaycan prezidenti ilə yanaşı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsisçisi olan digər ölkələrin liderləri – Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, eləcə də qonaq kimi dəvət olunmuş Özbəkistan prezidenti Şövkət Mirziyayev, Tatarıstan prezidenti Rüstəm Minnixanov və Macarıstanın baş naziri Viktor Orban qatılıblar.
İlham Əliyev qeyd edib ki, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır: “Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaq.
Regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Çünki indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır. Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. Beynəlxalq birliyin Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığı Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon iyirmi ildən çoxdur Ermənistanın işğalı altındadır. Torpaqlarımızın təxminən 20 faizi zəbt olunub, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, hərbi cinayətlər, Xocalı soyqırımı törədilib. İşğal edilmiş torpaqlarda Ermənistan bizim bütün tarixi, dini abidələrimizi, məscidlərimizi, əcdadlarımızın qəbirlərini dağıdıb, maddi sərvətlərimiz talan edilib. Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər və verirlər. Təsadüfi deyil ki, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çökdü və bu gün bizim dediyimizi erməni xalqı deyir. Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaq.
Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq müddəalar var və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti oxşar qərar və qətnamələr qəbul ediblər. Bu, münaqişənin həlli üçün əsas hüquqi bazadır”.
İlham Əliyev iqtisadi əməkdaşlıq məsələlərinə toxunaraq deyib: “Xüsusilə indiki şəraitdə biz iqtisadi əməkdaşlığı dərinləşdirməliyik. Aramızdakı ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmalıdır və burada investisiya layihələri xüsusi rol oynayır. Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir.
Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə Türkiyəyə. Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq.
Bütövlükdə biz qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarımızı təmin edirik, həm də bu ölkələrdə yeni imkanlar yaradırıq. Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb. Ölkədə gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir”.