Bu il Məhərrəm ayı Milad təqvimiylə sentyabrın 11-dən başlanır.
Aşura günü sentyabrın 20-nə düşür.
Novator.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası fətva verib.
Məhərrəm ayı hicri təqvimin ilk ayıdır. Hicri təqvimlə hazırda 1439-cu ildir, Məhərrəm ayının 1-dən 1440-cı il başlanır.
Hicri tarixinin 61-ci ilinin onuncu günündə Kərbəla çölündə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn, peyğəmbərin səhabələri qətlə yetirilib, ailələri əsir alınıb. O vaxtdan Məhərrəm ayının 10-u Qətl günü – Aşura günü kimi yaddaşlarda qalıb.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasında deyilir ki, məhərrəmlik mərasimləri İmam Hüseynin şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir: “Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə maneə törədilməməlidir.
Dini mərasim və ayinlər yalnız Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseynin mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar.
İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir.
Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq islam qanunlarına ziddir və İmamın, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir.
Eləcə də təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur. Allah rizası üçün İmam Hüseynə məhəbbətini izhar etmək istəyənlər bu tövsiyələrə əməl etməlidirlər. Din xadimləri Qazılar Şurasının fətvasını məscidlərdə oxumalı və bu tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır”.
Xatırladaq ki, xeyli vaxtdır Məhərrəm ayında Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə ehtiyacı olan xəstələr üçün könüllü qanvermə aksiyaları təşkil olunur.
Fətvada vurğulanır ki, qanvermə aksiyası bu il də olacaq, Səhiyyə Nazirliyi məscidlərdə, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək.
Fətvada daha sonra bildirilir: “Bu gün dünyada, xüsusilə də müsəlman aləmində radikal qüvvələrin terror və təxribatçılıq fəaliyyəti nəticəsində müharibə və qırğınların artdığı bir dövrdə vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu nemətə görə Allah-təalaya şükürlər edirik. Konstitusiya quruluşunun əsaslarına və dövlətçiliyə qarşı təxribat xarakterli dini şüarların səsləndirilməsini, vətəndaşların din pərdəsi altında dövlətə qarşı itaətsizliyə çağırılmasını, məzhəb və etnik zəmində qarşıdurmaya təhriki qətiyyətlə pisləyir və hesab edirik ki, dövlətimiz və xalqımız belə əməllərə layiqli cavab verəcək, məkrli qüvvələrin İmam Hüseyn təziyadarlığından siyasi təxribatlar üçün istifadəsinə imkan verməyəcək.
Din xadimlərimizi və dindarlarımızı respublikamızdakı mövcud sabitliyin qorunması üçün çalışmağa, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar mümkün hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar. Qafqaz Müsəlmanları İdarəsi məzhəbindən asılı olmayaraq bütün ölkə müsəlmanlarına islami həmrəylik nümayiş etdirərək İmam Hüseyn mərasimlərində birgə iştirak etməyi, İmam və Kərbəla şəhidləri ilə yanaşı Qarabağ, Xocalı şəhidlərimizin ruhuna dualar etməyi tövsiyə edir”.