Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) sədri İlqar Məmmədov sentyabrın 4-də mətbuat konfransı keçirib. Azadliq.org-un məlumatına görə, partiya sədri vəkillərinə təşəkkür edib, həbsdən çıxmasında onların böyük xidmətlərinin olduğunu vurğulayıb. İlqar Məmmədov ona görə vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasından çıxarıldığını, digər vəkil Fuad Ağayevin təzyiqlərlə üzləşdiyini qeyd edib: “Məqsəd onları qorxutmaq və məni müdafiə etməkdən çəkindirmək olub”.
Mübarizəsini davam etdirəcəyini deyən İlqar Məmmədov qeyd edib ki, onunla bağlı çıxarılan məhkəmə hökmlərində 19 hakim iştirak edib. REAL sədrinin qənaətinə görə, onlar qərəzli hökm veriblər: “Həmin hakimlərə cinayət işi qaldırılmalıdır. Mən bu məsələdə axıra qədər gedəcəyəm”.
İlqar Məmmədov deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsi onunla bağlı qərar verərkən Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinə istinad edib: “Bu mənim siyasi mülahizələrlə həbs edildiyimi göstərir”.
Demokratiya məsələlərinə toxunan partiya sədri bildirib ki, hakimiyyət jurnalistləri həbs etməklə, əzməklə Azərbaycanı 500 il geri atır.
REAL sədri hesab edir ki, Qarabağ məsələsində Azərbaycan mənəvi üstünlük əldə etməlidir: “Amma əksinə, Azərbaycan iqtisadi baxımdan geriləyir. Qarabağ probleminin möcüzəli həlli yoxdur. İqtisadiyyat, siyasət düzgün qurulsaydı, ermənilər çoxdan Bakı tərəfə əyilərdi. Elə etmək lazımdır ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması cəlbedici olsun”.
Ölkə iqtisadiyyatının neftə bağlanmasını tənqid edən partiya sədri xarici borcun artmasına münasibət bildirib, bunu gələcək nəsillərin cibinə girmək adlandırıb: “Borclanma prosesi ciddi nəzarətə götürülməlidir. Daha sonra rəqabətə davamlı iqtisadiyyat yaradılmalı və xarici borcun qaytarılmasından ötrü konsepsiya işlənib hazırlanmalıdır”.
REAL sədri həmçinin qeyd edib ki, həbsxanada olarkən əfv ərizəsi yazmaq təklifləri alıb: “Hətta mənə ərizəni yazan kimi dərhal buraxılacağımı deyiblər. Ancaq bu məsələdə hər hansı danışığa getmədim”.
İlqar Məmmədovun sözlərinə görə, 2015-ci ilə qədər ona 2 saylı Cəzaçəkmə Müəssisəsində ciddi təzyiqlər olub, hətta müəyyən insidentlər də baş verib və bu barədə beynəlxalq təşkilatları məlumatlandırıblar. O vurğulayıb ki, sonradan fərdi təzyiqlər dayanıb, yalnız vəkilləri ilə əlaqəsində məlumat axınına maneələr yaradılıb.
Partiya sədri əlavə edib ki, bu mətbuat konfransı ilə həbs səhifəsi qapadılır: “Bundan sonra həbs məsələsini vəkillərlə məhkəmələrdə və hüquq müdafiəçiləri ilə işgüzar müzakirələrdə gündəmə gətirəcəyik. Bizim bundan sonra əsas işimiz siyasi fəaliyyəti davam etdirmək olacaq. Hakimiyyətə siyasi, iqtisadi, ideoloji alternativ təqdim edəcəyik”.
İlqar Məmmədov seçkilərin boykot edilməsinə tərəfdar olmadığını deyib. “Seçkiyə gedib uda biləcəksinizmi” replikasına “Çalışacağıq ki, udaq” cavabını verib. Partiya sədri aprelin 11-də keçirilmiş prezident seçkisini bərbad seçki adlandırıb.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Uzun məhkəmə çəkişmələrindən, Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarından sonra 2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovu azadlığa buraxıb. İlqar Məmmədovun cəzasının qalan hissəsinin 2 il sınaq müddəti tətbiq olunmaqla şərti sayılması barədə qərar çıxarılıb.
Respublikaçı Alternativ Partiyası eyni adlı ictimai-siyasi hərəkatın bazasında 2018-ci ilin aprelində təsis olunub. Təsis qurultayında partiyanın sədri vəzifəsinə İlqar Məmmədov seçilib.
İlqar Məmmədov REAL Hərəkatına yarandığı vaxtdan – 2008-ci ildən rəhbərlik edib.
Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirən İlqar Məmmədov Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub.