Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-iyul ayları üzrə makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 7 ayda 43 milyard 478,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 0,9 faiz artıb, neft sektorunda 0,8 faiz azalıb, əhalinin hər nəfərinə düşən ÜDM 4436,3 manata bərabər olub.
Rəsmi hesabata əsasən, 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 6,5 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,5 faiz artıb.
Nəqliyyat sektorunda yük daşınmasının 1,2 faiz, sərnişin daşınmasının 1,4 faiz artdığı qeyd olunur.
Əvvəlki ilin 7 ayı ilə müqayisədə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 7,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Əhalinin gəlirlərinin nominal ifadədə 9,4 faiz artaraq 30 milyard 331 milyon manata çatdığı bildirilir.
Yanvar-iyul aylarında dövlət büdcəsinə 12 milyard 78,1 milyon manat vəsait daxil olub, büdcədən 11 milyard 649,3 milyon manat vəsait xərclənib.
İyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 105,6 milyon manat təşkil edib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,4 faizinə bərabər olub.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği iyul ayının 1-nə 8 milyard 109,3 milyon manat göstərilib.
Avqustun 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 120,8 min nəfər olub, onların 4 milyon 869,2 min nəfərini məşğul əhali təşkil edib.
İyulun 1-nə iqtisadiyyatın neft sektorunda 33,7 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 512,5 min nəfər çalışıb.
Hesabata əsasən, avqustun 1-nə məşğulluq xidməti orqanları 36,1 min nəfərə işsiz statusu verib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 273,9 manat olub.