2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ticarət əməliyyatlarının həcmi 16 milyard 524,5 milyon dollar olub. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin 7 aylıq hesabatında ixracın həcmi 10 milyard 748,3 milyon dollar, idxalın həcmi 5 milyard 776,2 milyon dollar göstərilir.
Hesabat dövründə 170 ölkə ilə ticarət əməliyyatı aparılıb, gömrük orqanları büdcəyə 1 milyard 941,1 milyon manat ödəyib.
Yanvar-iyul aylarında ixracın 80,7 faizi xam neft və xam neft məhsulları, 3,1 faizi neft məhsulları, 6,9 faizi təbii qaz olub.
İxracın 2,8 faizinin meyvə-tərəvəz olduğu açıqlanıb.
İdxalın 23,7 faizi maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, 13,3 faizi yeyinti məhsulları, 11,2 faizi qara metallar və onlardan hazırlanan məmulatlar, 8,5 faizi nəqliyyat vasitələri və onların hissələri, 3,5 faizi plastmassa və ondan hazırlanan məmulatlar, 2,9 faizi oduncaq və ondan hazırlanan məmulatlar, 2,7 faizi əczaçılıq məhsulları, 1,3 faizi tütün və tütün məmulatları, 1 faizi mebel və onun hissələri kimi rəsmiləşib.
7 ayda ixracın 5,6 faizi MDB ölkələrinin, 51,1 faizi Avropa İttifaqı ölkələrinin, 43,3 faizi digər ölkələrin payına düşüb.
İdxalda MDB-nin payı 25,7 faiz, Avropa İttifaqının payı 23,2 faiz, digər ölkələrin payı 51,1 faiz göstərilir.
Əsas tərəfdaş İtaliya olub. Bu ölkə ilə ticarət 7 aylıq dövriyyənin 17,3 faizi həcmində rəsmiləşib.
Türkiyə 10,5 faizlə ikinci, Rusiya 7,9 faizlə üçüncü olub.
İxracda əsas ölkə kimi İtaliya (24,8 faiz) göstərilir, idxalda isə Rusiya (15,9 faiz) birinci sırada qərar tutub.
Gömrük Komitəsi yanvar-iyul ayları üzrə hüquqpozmaların statistikasını da yayıb. Hesabata görə, 7 ayda gömrük orqanları 275 qaçaqmalçılıq faktı, 131 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 18 aksiz markası olmadan mal idxal etmə faktı, 5 gömrük ödənişindən yayınma faktı, 112 digər cinayət xarakterli fakt qeydə alıb.
Hesabat dövrü ərzində gömrük hüquqpozmalarında 443 şəxs təqsirləndirilib.
Gömrük Komitəsi 4971 inzibati xəta faktı ortaya çıxarıb.