Nazirlər Kabinetinin 26 iyul iclasında iki məsələ müzakirə olunub. Baş nazir Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrasına hesabatlarına baxılıb, həmçinin əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin gedişi barədə söhbət gedib.
Birinci məsələ barədə məruzəçi olan iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, başçılıq etdiyi qurum strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərdən 151-i üzrə əsas icraçı, “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritəsi” və “Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi”nin əlaqəndiricisi müəyyən olunub. Nazir vurğulayıb ki, strateji yol xəritələrinin icrası ölkədə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət gücünü, inklüzivliyini və sosial rifahı daha da artırmağa töhfə verəcək.
Gündəlikdəki ikinci məsələ barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun məruzəsi dinlənib. Komitə sədri bildirib ki, 2019-cu ildə əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında prezident fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq hazırlıq işlərinə başlanıb, təqvim planı hazırlanıb.
Müzakirələrin yekununda məruzəçilərin çıxışları nəzərə alınmaqla iclasın qərarı qəbul edilib. Qərara əsasən, aidiyyəti qurumlar strateji yol xəritələrinin icrası zamanı yaranan problemlərin, çatışmazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılması üçün zəruri tədbirlər görməlidir. Şəhər və rayon icra hakimiyyətlərinə əhalinin siyahıyaalınmasının keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.
Xəbəri Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.
Prezident İlham Əliyev milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini 2016-cı il dekabrın 6-da təsdiq edib. Yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarət Prezident Administrasiyasına tapşırılıb, nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub.
Bu ay strateji yol xəritələrinin 2017-ci üzrə icra vəziyyəti açıqlanıb. Novator.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2017-ci ildə “Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi”nin 92% icra olunduğunu bəyan edib.
Rəsmi açıqlamada digər sənədlər üzrə icra vəziyyəti belə göstərilib:
“Maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsi” – 87%
“Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritəsi” – 79%
“Uyğun qiymətə mənzil təminatının inkişafına dair strateji yol xəritəsi” – 76%
“Logistika və ticarətin inkişafına dair strateji yol xəritəsi” – 73%
“Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi” – 72%
“Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi” – 68%
“Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair strateji yol xəritəsi” – 68%
“Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi” – 61%
“Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi” – 46%
“İxtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsi” – 36%.
Prezident İlham Əliyev Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsinə 2016-cı il sentyabrın 7-də fərman verib. Siyahıyaalınma 2019-cu il 1-10 oktyabra təyin edilib.