Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “Exo Moskvı” radiosuna müsahibə verib. Müsahibədə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.
Novator.az-ın məlumatına görə, baş nazir öz oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi barədə sualı da cavablandırıb. Deyib ki, oğlu Dağlıq Qarabağa könüllü yollanıb.
Nikol Paşinyan oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsinin aqressiv addım kimi qəbul olunması ilə razılaşmadığını vurğulayıb: “Əksinə, bu, sülhməramlı addımdır. Mən öz oğlumu Qarabağa göndərməklə orada müharibə başlamasını istəmədiyimi göstərirəm. Allah mənim oğlumu, həmvətənlərimin oğullarını, o cümlədən Azərbaycanın oğullarını qorusun.
Mən prezident İlham Əliyevin də öz oğlunu Qarabağa xidmətə göndərməsinə şad olardım. Bunu sülhməramlı addım kimi qəbul edərdim. Hamımız inanardıq ki, cənab Əliyev oğlunun həlak olmasını istəməz”.
Qarabağda müharibə təhlükəsi barədə danışan Nikol Paşinyan qeyd edib ki, oğlunun Qarabağda xidmət etməsi həm də baş nazir kimi onun ölkəsini, xalqını qorumaq üçün heç nəyi əsirgəməyəcəyini göstərir: “Biz müharibə istəmirik, amma Azərbaycan hücum etsə, döyüşəcəyik”.
Nikol Paşinyanın 18 yaşlı oğlu Aşot Paşinyan hərbi xidmətə bu il iyulun 9-da çağırılıb və öz ərizəsi ilə Dağlıq Qarabağa, ön xətdəki hərbi hissələrin birinə göndərilib.
Novator.az xatırladır ki, Azərbaycanın Dağlıq Qarabağ vilayəti (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndi işğal altındadır.