Şəki Apellyasiya Məhkəməsi Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) məhbus sədri İlqar Məmmədovun işinə baxacaq. Novator.az-ın məlumatına görə, İlqar Məmmədovun vəkili Fuad Ağayev iyulun 26-da bəyan edib ki, ilk proses avqustun 10-nu səhər saat 11-ə təyin olunub. O, işə baxacaq hakimlərdən birinin adının bilindiyini açıqlayıb: Gündüz Abbasov.
Bu il iyunun 29-da Ali Məhkəmənin Plenumu İlqar Məmmədovun işi üzrə yeni qərar çıxarıb. Qərar Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı ikinci qərarına görədir. Plenum kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin İlqar Məmmədov barəsində qərarlarını ləğv edib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.
Avropa İnsan Hüquqları Məhkəməsi 2017-ci il noyabrın 16-da İlqar Məmmədovun ədalətli mühakimə hüququnun pozulduğu (bu, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin pozulması deməkdir) və Azərbaycan dövlətinin ona 10 min avro kompensasiya ödəməli olduğu barədə qərar çıxarıb.
2018-ci il martın 6-da bu qərar hüquqi qüvvəyə minib. 16 noyabr 2017-ci il qərarında deyilir ki, İlqar Məmmədova qarşı aparılmış cinayət işində, dəlil-sübutların toplanması və yoxlanmasında, məhkəmə prosesi zamanı müdafiə tərəfinin gətirdiyi dəlillərə hakimlərin sərgilədiyi münasibətdə ciddi çatışmazlıqlar olub.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi və Ali Məhkəmə qüvvədə saxlayıb.
2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.
2016-cı ildə Azərbaycanda İlqar Məmmədovun işinə yenidən baxılıb, amma o, həbsdə qalıb.
Respublikaçı Alternativ Partiyası eyni adlı ictimai-siyasi hərəkatın bazasında 2018-ci ilin aprelində təsis olunub. Təsis qurultayında partiyanın sədri vəzifəsinə İlqar Məmmədov seçilib.
İlqar Məmmədov REAL Hərəkatına yarandığı vaxtdan – 2008-ci ildən rəhbərlik edib.