Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi bölgənin sosial-iqtisadi göstəricilərini açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 2018-ci ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı 1 milyard 246,6 milyon manatı ötüb, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur: “Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin ilk yarısına nisbətən 2,3 faiz artaraq 2748 manatı keçib.
2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2,1 faiz, kənd təsərrüfatı məhsulu 3,6 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətləri 2,6 faiz artıb.
6 ayda əsas kapitala 547,9 milyon manat vəsait yönəldilib. Vəsait qoyuluşlarının 95,2 faizi tikinti-quraşdırma işlərində istifadə edilib.
İlin ilk yarısında 128,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Yarım ildə sahibkarlara 10,1 milyon manat kreditlər verilib. 9 hüquqi və 1135 fiziki şəxs qeydiyyata alınıb”.
Hesabata əsasən, muxtar respublikada 382 növdə məhsul istehsal olunur: “Bu məhsulların 126 növü ərzaq, 256 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənir.
Yanvar-may aylarında orta aylıq əməkhaqqının məbləği 420,7 manata yüksəlib”.
Yarım ildə muxtar respublikada 1364 yeni iş yeri yaradıldığı bildirilir.
Yanvar-iyun ayları üzrə xarici ticarət dövriyyəsi 212,3 milyon ABŞ dolları göstərilir: “Xarici ticarət dövriyyəsinin 191 milyon dollarından çoxu ixracın payına düşür.
Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,6 min nəfər artaraq 1 iyun 2018-ci ilə 454 min nəfəri ötüb”.