Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsddə iştirak edən şəxslərdən biri öldürülüb. APA-nın 25 iyul məlumatında bildirilir ki, Yunis Səfərovla birlikdə sui-qəsd törətmək planlarını hazırlamış, terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd əməllərinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib: “Müəyyən olunub ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib”.
Novator.az xatırladır ki, Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin serjantı Qasım Aşbazov iyulun 3-ü Gəncədə odlu silahla vurularaq yaralanıblar. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. İstintaqın versiyasına görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.
İyulun 10-da isə 150-200 nəfər dini radikal Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Aksiya iştirakçıları polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərib, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasov həlak olublar.
Baş Prokurorluq buna görə cinayət işi başlayıb.
Polis zabitlərini 1988-ci il təvəllüdlü Gəncə şəhər sakinləri Rəşad Böyükkişiyev və Fərrux Qasımovun öldürdükləri bəyan edilib.
Fərrux Qasımov iyulun 11-də həbs olunub. Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında əməliyyat keçirilib. Rəsmi məlumata görə, Rəşad Böyükkişiyevi əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı “Aslanlar” dəstəsi məhv edib.
İyulun 15-i Sumqayıt şəhərində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 fəalı saxlanıb. Əsasən xaricdən idarə olunan fəalların Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlaşdırdığı bəyan edilib.
Başqa bir rəsmi məlumata görə, Gəncə şəhərində ağır cinayət əməlləri törətmiş, əvvəllər məhkum olunmuş Bağırov Anar İslam oğlunun iyulun 20-də Binəqədi rayonu, Xocasən qəsəbəsində gizləndiyi yer müəyyən edilib. Anar Bağırovun Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi əməliyyatı zamanı silahlı müqavimət göstərərkən məhv edildiyi açıqlanıb.