Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ağdamın işğalının 25-ci ildönümü ilə əlaqədar açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələri Ağdamı 23 iyul 1993-cü ildə tutub, 122 yaşayış məntəqəsi məhv edilib: “Ağdamın müdafiəsi zamanı döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Hazırda 200 min nəfər rayon sakinindən 153 mindən çoxu Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır”.
Hikmət Hacıyev qeyd edir ki, 1993-cü ilin aprelində BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalı ilə əlaqədar qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən çıxarılması üzrə təxirəsalınmaz tədbirlər barədə cədvəlin hazırlanması tapşırılıb: “Lakin ATƏM-in (hazırda ATƏT) Minsk Konfransının sədri Mario Rafaellinin 27 iyul 1993-cü il hesabatında qeyd olunduğu kimi, 22-23 iyul 1993-cü ildə ATƏM-in Minsk Konfransı 9 iştirakçı ölkəsinin bu məqsədlə Romada keçirdiyi iclas zamanı ermənilər, əvvəlcədən Ağdamı işğal etmək niyyətində olmadıqlarını vəd etsələr də, bu addımı atdılar.
Dünya ictimaiyyəti Ağdamın işğalı ilə bağlı yekdil mövqe ifadə etdi. ATƏM-in Minsk qrupunun 9 ölkəsi adından bu hücum qətiyyətlə pislənib, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilib. 29 iyul 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da işğalçı qüvvələrin Ağdam rayonu və digər yenicə işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Lakin Ermənistan tərəfi buna da tabe olmaqdan yayınıb. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin hələ o mərhələdə nizama salınmasına dair siyasi fürsətlərdən istifadə etməyə, buna dair yekdilliklə qəbul edilmiş BMT qərarlarının yerinə yetirilməsinə imkan verilməyib və yeni-yeni Azərbaycan ərazilərinin işğalı nəticəsində hazırkı ağır vəziyyət yaradılıb. Mario Rafaellinin hesabatında bildirildiyi kimi, “güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir”. Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe sayəsində həmin başlıca şərtə əməl olunmaması münaqişənin bu günədək nizama salınmamış qalmasının əsas səbəbi olaraq qalır.
İşğalçı Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirir. Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Ermənistan başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, Ağdam, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı BMT nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur.
Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır”.