Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Parisə gedən dövlət başçısı İlham Əliyev iyulun 19-u görüşlər keçirib. AZƏRTAC-ın məlumatına görə, o, Fransa Senatının sədri Jerar Larşe ilə bir araya gəlib. Senatın sədri Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan danışıb, Bakıda Fransız Liseyinin, Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyini xüsusi qeyd edib. Jerar Larşe deyib ki, bu amillər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Prezident İlham Əliyev qeyd edib ki, Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir və bundan sonra da Fransa ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır”.
Görüşdə vurğulanıb ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq sazişə öz müsbət töhfəsini verəcək. Senatın sədri Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu deyib.
Söhbət zamanı parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd edilib, əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Senatın sədri vurğulayıb ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.
İlham Əliyev həmin gün Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial, “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu, “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane, “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay, “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod və “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye ilə də görüşüb.