İyulun 20-də birinci vitse-prezident Mehriban Əliyeva Müstəqil Dövlətlər Birliyi Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın MDB-nin fəal üzvlərindən biri olduğunu deyən Mehriban Əliyeva əsas vəzifənin ictimai-siyasi, iqtisadi, humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində hərtərəfli əməkdaşlığı, kooperasiyanı inkişaf etdirmək olduğunu vurğulayıb. O qeyd edib ki, MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir.
“Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir” deyən birinci vitse-prezident Azərbaycanda MDB Daxili İşlər Nazirləri Şurasının işinə böyük əhəmiyyət verildiyini vurğulayıb, ölkənin regionda təhlükəsizliyin təmin olunmasına töhfə verdiyini diqqətə çatdırıb.
MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının operativ informasiya mübadiləsi, risklərin minimuma endirilməsi, mütəşəkkil cinayətkarlıqla, narkotrafik, terrorizm, ekstremizmlə birgə mübarizə üçün çox gözəl platforma olduğunu deyən Mehriban Əliyeva qloballaşmanın doğurduğu yeni təhdidlər və çağırışlarla səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın zəruriliyini vurğulayıb.
Birinci vitse-prezident görüşdə iştirak edən İnterpolun baş katibi Yurgen Ştoka üz tutaraq deyib: “Sizin diqqətinizi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bir sıra xarici şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəltmək istərdim. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib. Bununla yanaşı 710 xarici vətəndaş işğal olunmuş ərazilərə gəlib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyıb. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı son illərdə bu ərazilərdən narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə olunması faktları mövcuddur. Bu da sözsüz ki, böyük narahatlıq doğurur. İstər xarici şirkətlərin, istərsə də ayrı-ayrı şəxslərin bu cür hərəkətləri Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bizim dövlətimiz həmin hərəkətlərin dayandırılması və qarşısının alınması üçün bütün qanuni tədbirləri görür və gələcəkdə də görəcək. Bu cəhətdən biz İnterpolun dəstəyinə çox bel bağlayırıq”.