Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yeniliklərdən birinə görə, Maliyyə Monitorinqi Xidməti Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət İmtahan Mərkəzinin informasiya resurslarından onlayn istifadə etməklə məlumat almaq hüququna malikdir. Həmin informasiya resurslarından istifadəyə buraxılış dərəcəsini (alınan məlumatların dairəsini) Nazirlər Kabineti müəyyən edir.
Başqa bir yeniliklə Maliyyə Monitorinqi Xidmətinin işçilərinə dair tələblər sıralanır. İşçilər elmi, yaradıcılıq fəaliyyəti və icazə ilə pedaqoji fəaliyyət istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul ola, bildiriş vermədən xarici ölkənin və ya beynəlxalq təşkilatın vəsaiti hesabına xarici ölkəyə səfər edə bilməzlər.
Onların üzərinə vəzifələrinin icrası ilə əlaqədar dövlət sirri və qanunla mühafizə edilən digər sirr də daxil olmaqla onlara məlum olmuş və xidməti fəaliyyətinə dair məlumatı həmişə, o cümlədən maliyyə monitorinqi orqanı ilə əmək münasibətlərinə xitam verildikdən sonra da saxlamaq öhdəliyi qoyulur.
Mayın 25-də yaradılmış Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.
Dövlət başçısı İlham Əliyev iyulun 18-də imzaladığı fərmanla Maliyyə Monitorinqi Xidmətinin nizamnaməsini və strukturunu təsdiqləyib. Departamentlər və şöbələrdən ibarət Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib. Xidmətin idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyətinin tərkibi üç üzvdən – sədrdən və onun iki müavinindən ibarətdir. Onları prezident vəzifəyə təyin edir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir.
Maliyyə Monitorinqi Xidmətinin pul vəsaitləri və ya digər əmlakla əməliyyat aparılmasını dayandırmaq, müvafiq sahədə icrası məcburi olan qərarlar qəbul etmək və göstərişlər vermək hüququ var.