Dövlət başçısı İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətini təmin etməyə fərman verib.
Maliyyə Monitorinqi Xidməti mayın 25-də yaradılıb, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.
Novator.az-ın məlumatına görə, iyulun 18-də imzaladığı fərmanla prezident Maliyyə Monitorinqi Xidmətinin nizamnaməsini və strukturunu təsdiqləyib.
Departamentlər və şöbələrdən ibarət Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib.
Xidmətin idarəetmə orqanı İdarə Heyətidir. İdarə Heyətinin tərkibi üç üzvdən – sədrdən və onun iki müavinindən ibarətdir. Onları prezident vəzifəyə təyin edir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir.
Maliyyə Monitorinqi Xidmətinin pul vəsaitləri və ya digər əmlakla əməliyyat aparılmasını dayandırmaq, müvafiq sahədə icrası məcburi olan qərarlar qəbul etmək və göstərişlər vermək hüququ var.