İyulun 19-u Bakıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib. AZƏRTAC xəbər verir ki, prezidentlər İlham Əliyev və Serco Mattarella biznes forumunda iştirak ediblər. Tədbirə rəsmi şəxslərlə yanaşı enerji, tikinti, dizayn və memarlıq, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, logistika, mühəndislik, sənaye sahələrində fəaliyyət göstərən 350-dək iş adamı qatılıb.
İlham Əliyev çıxışında qeyd edib ki, iki ölkənin iqtisadi sahədəki gələcək əməkdaşlığı bir neçə istiqamət üzrə getməlidir: “Biz İtaliya şirkətlərini Azərbaycana dəvət edirik, həm prezidentlər səviyyəsində, həm hökumət qurumları səviyyəsində. Hesab edirəm ki, bizim sənaye inkişafımızla bağlı olan gələcək layihələrdə İtaliya şirkətləri fəal iştirak edəcəklər. Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var. Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub. Sərmayə iqlimi çox yaxşıdır və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilir və qorunur.
İtaliya şirkətləri Azərbaycanın müxtəlif sahələrində podratçı, kontraktor kimi fəaliyyət göstərirlər. Hazırda biz bunu görürük. İnşaat, infrastruktur, ağır sənaye, kənd təsərrüfatı, emal sektorlarında belə əməkdaşlıq var. Ancaq hesab etmirəm ki, bu, lazımi səviyyədədir. Biz bu səviyyəni qaldırmalıyıq. Ona görə sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət növbəti illər üçün əsas istiqamətlər olmalıdır.
Əlbəttə, İtaliya şirkətləri bilməlidirlər ki, bizim planlarımız nədən ibarətdir. Bizim planlarımız hər il dərc edilir, dövlət investisiya proqramı hər il icra edilir və bizim beşillik sosial-iqtisadi inkişaf planlarımız var. 2004-cü ildən başlayaraq bu proqramlar dərc olunur, icra edilir və orada Azərbaycanda görüləcək bütün işlər göstərilir. Şəhərlər, hətta qəsəbələr, kəndlər üzrə infrastruktur layihələri, sosial obyektlərin tikintisi, texnoloji inkişafla bağlı hər şey orada göstərilir. Sadəcə olaraq bu məlumatı əldə etmək lazımdır. Hesab edirəm ki, biznes forumu bu məlumatın təqdim edilməsində də müsbət rol oynayacaq.
Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbətdir və uğurludur. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır. Ancaq etiraf etməliyik ki, bunun təməlində xam neft amili dayanır. Çünki Azərbaycan ən çox xam nefti İtaliya istiqamətinə göndərir və beləliklə, ticarət dövriyyəsi böyük rəqəmlərlə ölçülür. Biz isə istəyirik ki, bizim ticarət dövriyyəmiz çoxşaxəli olsun. Biz həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək. Ona görə, biz gələcəkdə ticarət dövriyyəsinin şaxələndirilməsi məsələlərinə də mütləq baxmalıyıq”.
Serco Mattarella deyib ki, iki ölkənin iqtisadiyyatları bir-birini tamamlayır: “İtaliya Azərbaycana yalnız ticari mübadilələrdə deyil, karbohidrogen sahəsindən əlavə öz potensialının və iqtisadi sisteminin şaxələndirilməsində və sənaye proqramlarının inkişafında istinad edilən etibarlı bir tərəfdaş ola bilər. Şaxələndirmə Azərbaycanın əsas hədəflərindən biridir. Buna dəstək məqsədilə İtaliya fərqli təcrübələrini, texnologiyalarını, bacarıq və qabiliyyətlərini Azərbaycana təqdim edə bilər.
Son illərdə İtaliya müəssisələrinin həyata keçirdiyi layihələrdən də göründüyü kimi İtaliya enerji sahəsində, karbohidrogenlərin nəqlində və kimya sənayesində dünyada yüksək səviyyədə olan bir irsə malikdir. Son 10 ildə italyan müəssisələrinin və italyan texnologiyalarının Azərbaycanın neft sənayesinə verdiyi töhfə 5 milyard avrodan çoxdur. Dünən prezident İlham Əliyevlə birlikdə Sumqayıtda polipropilen zavodunun açılışında iştirak etdik. Bu zavodun inşası “Maire Tecnimont” şirkəti ilə “SOCAR Polimer”in layihəsi əsasında həyata keçirilib. Bu zavod Azərbaycana neft-kimya sənayesini inkişaf etdirməyə və öz ixrac potensialını artırmağa imkan yaradacaq. Bu, Azərbaycan hökumətinin yeni iş yerlərinin və yeni istehsal sahələrinin açılması kimi prioritet hesab etdiyi məsələlər üzrə çox vacib bir məqsəddir.
İtaliyanın töhfəsi enerji sahəsindən başqa digər sahələrdə də ola bilər. İtaliya ətraf mühitin qorunması, yenidən dəyərləndirilməsi, kənd təsərrüfatının inkişafı və emal sənayesinin transformasiyası, infrastruktur, nəqliyyat, logistika, tikinti kimi sahələrdə Azərbaycanın inkişafına töhfə verməyə hazırdır. Bu forumda italyan şirkətlərinin geniş tərkibdə iştirakı bizim ölkədə kifayət qədər tanınan kiçik və orta tipli müəssislərə də diqqət ayıraraq əlaqələrimizi daha da strukturlaşdırmaq və genişləndirmək üçün iqtisadiyyatın bütün sahələrində əməkdaşlığımızın inkişafına nə qədər önəm verdiyimizin ən bariz sübutudur”.