ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu aprelin 11-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisinin nəticələri ilə bağlı yekun hesabatını dərc edib.
“Amerikanın səsi” xəbər verir ki, hesabatda Azərbaycana seçki qanunvericiliyinə yenidən baxmaq və bunu növbəti seçkilərə qədər etmək tövsiyə olunur. Bildirilir ki, qanunvericiliyin beynəlxalq standartlara və öhdəliklərə uyğunlaşdırılmasında məqsəd Azərbaycan Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqların təmin olunması, bütün boşluqların və ziddiyyətlərin aradan qaldırılması, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurasının əvvəlki tövsiyələrinin yerinə yetirilməsindən ibarətdir.
Demokratik Təsisatlar və İnsan Haqları Bürosu həmçinin səsvermə günü yol verilmiş pozuntuları hərtərəfli və müstəqil şəkildə araşdırmağa çağırır.
Büro hesab edir ki, seçki məntəqələrindəki müşahidə kameralarının qeydə aldığı görüntülər, seçici siyahıları, etibarsız sayılmış bülletenlər müzakirə predmeti olmalıdır, ictimai etimadın artırılması üçün seçki komissiyalarına üzvlərin təyin edilməsi qaydasına da yenidən baxılmalıdır, çünki komissiyaların hazırkı tərkibi onların qərəzsizliyinə təminat vermir.
Hesabata görə, seçki zamanı hakim partiya üzvlərinin və polislərin dövlət sektorunda çalışanları məcburi qaydada seçkiqabağı aksiyalara gətirməsi faktları qeydə alınıb.
Hesabatda diffamasiya məsələsi də qaldırılır, mediadakı təhqir və böhtana görə cinayət məsuliyyətinin ləğvi, saytları bloklamaq səlahiyyətinin yalnız məhkəmələrə verilməsi təklif olunur, bloklanmış saytların siyahısını ictimaiyyətə açıqlamağın zəruriliyi vurğulanır.
Hesabatda seçici siyahılarının dəqiqləşdirilməsi üçün hərtərəfli təlimatlar hazırlamaq, namizədlərin təhsil səviyyəsi və yaşayış yeri ilə bağlı qoyulmuş tələbləri, ictimai yığıncaqlara tətbiq edilən məhdudiyyətləri aradan qaldırmaq təklif olunur.
Hesabatda deyilir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana seçki qanunvericiliyinin ATƏT qarşısında götürdüyü öhdəliklərə uygunlaşdırılmasında yardım etməyə hazırdır.
Novator.az xatırladır ki, Mərkəzi Seçki Komissiyası 8 namizədin qatıldığı 11 aprel prezident seçkisində dövlət başçısı İlham Əliyev 86,02 faiz səslə qalib elan edib.
Aprelin 17-də Konstitusiya Məhkəməsinin Plenumu 11 aprel prezident seçkisinin nəticəsini təsdiqləyib. Yenidən prezident seçilmiş İlham Əliyev aprelin 18-də Milli Məclisdə and içərək səlahiyyətlərinin icrasına başlayıb.
56 yaşlı İlham Əliyev 2003, 2008 və 2013-cü illərdə 5 il müddətinə prezident seçilib. 2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.
11 aprel seçkisini müşahidə etmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının ilkin hesabatında bunlar qeyd olunub:
– Plüralizmin, o cümlədən mediada plüralizmin , yoxluğu şəraitində seçkidə həqiqi rəqabət olmayıb.
Prezident seçkisi məhdudlaşdırıcı siyasi mühitdə, əsas hüquqlar və azadlıqları məhdudlaşdıran hüquqi çərçivədə keçirilib.
Bəzi müxalifət partiyaları seçkinin rəqabətsiz mühitdə keçirildiyini əsas tutaraq və vətəndaşların ictimai həyatda iştirakı ilə əlaqədar məhdudiyyətlərin olduğunu göstərərək seçkini boykot ediblər. Müxalifət partiyaları seçkini boykot etmək haqqında qərarın səbəblərindən biri kimi seçki administrasiyasına olan inamsızlığı qeyd ediblər.
Vəzifədə olan prezidentin kampaniyası ilə onun rəsmi fəaliyyətləri arasında heç bir fərq qoyulmayıb. Prezident özü təşviqat kampaniyası aparmayıb. Digər namizədlər vəzifədə olan prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkiniblər.
Dövlət sektorunda çalışan əməkdaşların və universitet tələbələrinin YAP-ın təşviqat tədbirlərində iştiraka məcbur edildiyi hallar müşahidə edilib.
Mətbuat mühiti ifadə və söz azadlığına çətinliklər yaradan, veb-sayt və sosial media məzmununa da şamil olunan son dərəcə məhdudlaşdırıcı hüquqi çərçivəsi ilə xarakterizə olunur.
Bütün televiziyalar öz xəbər buraxılışlarının böyük hissəsini hakimiyyətə və onun fəaliyyətinə həsr edib. Hökumətin siyasətlərini tənqidi təhlil edən yayım şirkəti və ya çap mediası olmadığı üçün səlahiyyətli orqanların fəaliyyəti ilə bağlı xəbərlərdə müxalif fikirlər olmayıb.
Seçki günü məntəqə seçki komissiyaları çox vaxt əsas prosedurlara əməl etməyib, şəffaflığı təmin etməyib və müşahidəçilərin işinə əngəl törədib. Müşahidəçilər çox vaxt seçki qutusuna topa bülleten atılması, qrup şəklində, başqasının yerinə səs vermə və təkrar səs vermə faktlarının olduğunu bildiriblər.
Müşahidəçilər müşahidə aparılmış səs sayılması proseslərinin yarıdan çoxunu müəyyən olunmuş prosedurlara açıq-aydın əməl olunmaması, məqsədyönlü saxtalaşdırmalar səbəbindən mənfi qiymətləndirib.
Azərbaycanda və beynəlxalq insan hüquqları orqanlarında işləyən vətəndaş cəmiyyəti təşkilatlarına görə, çox sayda siyasi dustaq var.
MSK-nın iclaslarında heç bir müxalif və ya mübahisəli fikirlər səsləndirilməyib və üzvlərin əksəriyyəti heç bir müzakirədə iştirak etməyib. Müşahidə olunan iclaslar yalnız qərarları formal olaraq yekdil səs ilə təsdiq etməyə xidmət edib.
Dövlət Statistika Komitəsinin 2017-ci ilə olan məlumatları göstərir ki, səsvermə yaşında olan 7,1 milyondan çox insan var. Daimi seçici reyestrində isə ümumilikdə 5,2 milyona yaxın seçici qeydiyyata alınıb.