İyulun 18-də rəsmi məlumat yayan Əmlak Məsələləri Dövlət Komitəsi Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı monitorinq və reydlər keçirdiyini bəyan edib. Açıqlamada qeyd olunur ki, paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də Sumqayıt şəhərinin ərazisindəki yoxlamalarda 50 hal üzrə inzibati xəta törədən şəxslər barədə protokol yazılıb, cərimələr tətbiq edilib: “Monitorinqlər nəticəsində Xəzər dənizinin dövlət mülkiyyətində saxlanan sahilboyu mühafizə zolağı torpaqlarında ayrı-ayrı şəxslərin qeyri-qanuni tikinti və hasarlama işləri aparması, torpaq sahələrinin zəbt olunması aşkarlanıb. Torpaq reydləri və monitorinqlər zamanı qanunsuz tikinti işləri dayandırılır.
Bəzi torpaq istifadəçiləri sənəd təqdim etmədiyinə görə Xəzəryanı rayon (şəhər) icra hakimiyyəti başçılarına sənədlərin əldə edilməsinə köməklik göstərilməsi barədə müraciətlər göndərilib. Həmin şəxslərə qarşı cərimələr tətbiq olunub, zəbt olunma faktları üzrə sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.
Sumqayıt-Novxanı yolu boyunca Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağında özbaşına aparılan tikintilərin sökülməsi məqsədi ilə 30 bildiriş (xəbərdarlıq) verilib, 23 hal üzrə sənədlər məhkəmələrə göndərilib. 2 iddia təmin olunub, 12 iddia ilə bağlı ekspertiza təyin edilib.
Xəzər dənizi sahilinə Xətai rayonu Naximov küçəsində torpaqların tökülərək ərazinin qanunsuz olaraq genişləndirilməsi halları da aşkar edilib. Bununla bağlı 47 hal müəyyən olunub. Sənədlər daxili işlər orqanlarına göndərilib, həmin hallarla əlaqədar rayon prokurorluğunda cinayət işi açılaraq sənədlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim olunub”.
Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağında torpaq sahələrinə dair qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir, Cinayət Məcəlləsində isə Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub.