Bakıya səfər edən İtaliya prezidenti Serco Mattarella iyulun 18-də azərbaycanlı həmkarı İlham Əliyevlə birgə brifinq keçirib. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev brifinqdə deyib ki, Azərbaycan-İtaliya əlaqələri çoxşaxəlidir, bir çox sahələri əhatə edir: “Bu gün apardığımız danışıqlarda, keçirdiyimiz görüşlərdə bir çox məsələ müzakirə edildi. Regional inkişaf və regional təhlükəsizlik məsələləri, Avropa İttifaqı-Azərbaycan əlaqələri, siyasi, iqtisadi ikitərəfli əlaqələrimiz – bir çox məsələlər müzakirə edildi və deyə bilərəm ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür.
İtaliya hazırda ATƏT-in sədridir. Biz ümid edirik və əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq. Mən cənab prezidenti münaqişə ilə bağlı məlumatlandırdım, danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın. Azərbaycanın tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilib. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilib. ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərib. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri dağıdılıb.
Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır”.
Dövlət başçısı qeyd edib ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır: “Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq dərinləşəcək. Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda Cənubi Qaz Dəhlizi layihəsini uğurla icra edir. Bu, 40 milyard dollar dəyərində olan layihədir, onun böyük hissəsi icra edilib. Bu il Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışı olub. Yəni bu istiqamətdə işlər uğurla gedir və bu eyni zamanda Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır.
İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Mən prezident Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır, biz onların səviyyəsini bilirik, onlar çox yüksək texnologiyaya malik olan şirkətlərdir. Azərbaycanda inşaat sektorunda, kənd təsərrüfatı sahəsində, ağır sənaye sahəsində bir çox layihələr icra ediblər və çox yüksək səviyyədə icra ediblər. Əlbəttə ki, keçirilən görüşlər və sabah iştirak edəcəyimiz İtaliya-Azərbaycan biznes forumu qarşımızda yeni imkanlar açacaq. Çünki Azərbaycanın sürətli iqtisadi-sənaye inkişafı tələb edir ki, yeni texnologiyalar gətirilsin. Əlbəttə ki, ilk növbədə bu texnologiyaları dost ölkələrdən gətirmək, əldə etmək istərdik”.
Serco Mattarella deyib ki, İtaliya Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir: “İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir. İtaliya Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini çox alqışlayır, radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri dəstəkləyir.
Biz söhbətlərimiz zamanı eləcə də terrorizmə və qeyri-qanuni ticarət yollarına qarşı mübarizəyə dair də fikir mübadiləsi apardıq və eyni fikirdəyik. Strateji və kommersiya sahəsində olan əməkdaşlığımız barədə də geniş fikir mübadiləsi apardıq. Bizim enerji sahəsi üzrə mükəmməl əməkdaşlığımızdan əlavə digər sahələr üzrə də əməkdaşlığımızın mümkünlüyündən və onların önəmindən danışdıq. İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətindən danışdıq. Cənub Qaz Dəhlizində İtaliya tərəfinin və Azərbaycan tərəfinin səylərini qiymətləndirir və ümumi maraqlarda olan bu məsələlərin həll yolunu tapması üçün hər iki tərəfin çalışacağını bildiririk. Çünki Cənub Qaz Dəhlizi və eləcə də Xəzər dənizi regionu, Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir. İtaliya Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bunu alqışlayır. Biz ümid edirik ki, bu sahə üzrə və dostluq münasibətləri çərçivəsində İtaliya şirkətləri Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də öz fəaliyyətini qura bilər.
Biz müdafiə sahəsində şirkətlərimizin əməkdaşlığı barədə də danışdıq. Çünki biz inanırıq ki, İtaliyanın bu sahədə əldə etdiyi texnologiyalar Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verə bilər”.
Serco Mattarella qeyd edib ki, İtaliya ATƏT-də sədrliyi çərçivəsində də Azərbaycana öz töhfəsini verəcəyini bir daha vurğulayır: “İtaliya xüsusən regionda olan problemlərlə bağlı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-ə sədrlik çərçivəsində öz dəstəyini göstərəcək. Biz istəyirik ki, bu sahə üzrə danışıqların formatlarını dəyişmək əvəzinə, əksinə, regionda təhlükəsizliyi təmin edə biləcək yeni danışıq yolları tapılsın. Çünki bizim fikrimizcə, bu münaqişənin həlli hərbi yolla deyil, siyasi yolla baş verməlidir. Bu həll yolu sabit, uzunmüddətli və beynəlxalq hüquq çərçivəsində olmalıdır”.