AZƏRTAC hüquq-mühafizə orqanlarına istinadla bildirir ki, iyulun 15-i Sumqayıt şəhərində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 fəalı saxlanıb: “Əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlaşdırıblarmış.
Onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilib, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunub və planları tam aşkara çıxarılıb. Məhz bundan sonra saxlama tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib”.
Novator.az xatırladır ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı serjant Qasım Aşbazov odlu silahla vurularaq yaralanıblar. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. İstintaqın versiyasına görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.
İyulun 10-u saat 20 radələrində isə 150-200 nəfər dini radikal Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Aksiya iştirakçıları polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərib, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasov həlak olublar.
Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü, 228.4-cü və 315.2-ci maddələri ilə cinayət işi başlanıb.
Polis zabitlərini 1988-ci il təvəllüdlü Gəncə şəhər sakinləri Rəşad Böyükkişiyev və Fərrux Qasımovun öldürdükləri bəyan edilib.
Fərrux Qasımov iyulun 11-də həbs olunub. Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında əməliyyat keçirilib. Rəsmi məlumata görə, Rəşad Böyükkişiyevi əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı “Aslanlar” dəstəsi məhv edib.