2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 37 milyard 9,1 milyon manatlıq və ya əvvəlki ilin ilk yarısı ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, 6 ayda iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 2 faiz, neft sektorunda 0,1 faiz artıb, əhalinin hər nəfərinə düşən ÜDM 3777,6 manata bərabər olub.
Rəsmi hesabata əsasən, 2017-cı ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulunda 7,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalında 14,6 faiz, heyvandarlıq məhsullarının istehsalında 2,5 faiz artım qeydə alınıb.
Nəqliyyat sektoru ilə bağlı hesabatda bildirilir ki, yanvar-iyun aylarında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1 faiz, sərnişin daşınması 1,5 faiz irəli gedib.
İnformasiya və rabitə xidmətlərinin həcminin dəyər ifadəsində 4,9 faiz artdığı bildirilir.
Dövlət Statistika Komitəsi qeyd edir ki, yanvar-iyun aylarında əhalinin gəlirləri 2017-ci ilin ilk yarısı ilə müqayisədə nominal ifadədə 9,3 faiz artaraq 25 milyard 705,2 milyon manata çatıb.
Maliyyə Nazirliyinin məlumatına əsasən, yanvar-iyun aylarında dövlət büdcəsinə 9 milyard 821,6 milyon manat vəsait daxil olub, büdcədən 9 milyard 524,3 milyon manat vəsait xərclənib.
Mərkəzi Bankın hesabatına görə, iyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11 milyard 945,5 milyon manat təşkil edib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,3 faizinə bərabər olub.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği iyun ayının 1-nə 7 milyard 867,5 milyon manat göstərilib.