İyulun 13-də prezident İlham Əliyevin yanında ölkənin hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
Xəbəri AZƏRTAC yayıb. Detallar hələ açıqlanmayıb.
Novator.az xatırladır ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı serjant Qasım Aşbazov odlu silahla vurularaq yaralanıblar. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. İstintaqın versiyasına görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.
İyulun 10-u saat 20 radələrində isə 150-200 nəfər dini radikal Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Aksiya iştirakçıları polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərib, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasov həlak olublar.
Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü, 228.4-cü və 315.2-ci maddələri ilə cinayət işi başlanıb.
Polis zabitlərini 1988-ci il təvəllüdlü Gəncə şəhər sakinləri Rəşad Böyükkişiyev və Fərrux Qasımovun öldürdükləri bəyan edilib.
Fərrux Qasımov iyulun 11-də həbs olunub. Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında əməliyyat keçirilib. Onun silahlı müqavimət göstərdiyindən məhv edildiyi açıqlanıb.
Rəsmi məlumata əsasən, 10 iyul cinayətinin fəal iştirakçılarından 11 nəfər tutulub.