Prezident: “Bu cinayətkarlar müsəlman deyillər”
- 13 İyul 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
“İyulun 3-də və iyulun 10-da Gəncə şəhərində törədilmiş qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir”. İyulun 13-ü hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı daha sonra bildirib: “Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak oldu. Yaralanan vətəndaşlarımız da var, onlardan biri də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısıdır. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara Allah şəfa versin.
Bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilib. Bu terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə islam dininə qarşı ən böyük cinayətdir. Çünki islam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir”.
Gəncədə baş verən cinayətləri islam dininə bağlamaq istəyənlərin əslində islama qarşı ən böyük cinayəti törətdiklərini söyləyən prezident vurğulayıb: “Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bütün Azərbaycan xalqı bu qanlı cinayətləri birmənali olaraq pislədi və bu cinayətləri törədənlərə qarşı öz nifrətini ifadə etdi.
Azərbaycan dövləti isə öz üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib, əməliyyat-axtarış işləri davam etdirilir. Bu cinayətlərdə əli olan bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar. Hüquq mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq.
Bizim müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilib, o cümlədən silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd. Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə – nə xarici, nə daxili qüvvə sarsıda bilməz.
Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq”.
Dövlət başçısı bildirib ki, Azərbaycan dünyada ən təhlükəsiz, eyni zamanda sürətlə inkişaf edən ölkələrdən biridir: “Ona görə, əlbəttə ki, bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı çirkin kampaniyalar aparılır, qarayaxma, şər-böhtan kampaniyaları. Yalan, iftira üzərində qurulmuş bu kampaniyaların heç bir səmərəsi olmur. Azərbaycan xalqı bu yalanlara, bu böhtanlara inanmır. Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Bu il keçirilmiş prezident seçkiləri bunu bir daha bütün dünyaya əyani şəkildə sübut etdi.
Bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparır. Bunun da heç bir səmərəsi olmur. Özünü hüquq müdafiəçisi adlandıran bir neçə qeyri-hökumət təşkilatı Azərbaycana qarşı gecə-gündüz şər-böhtan kampaniyası aparır. Bunun da nə ölkə daxilində, nə də ki, xaricdə heç bir təsiri olmadı. Bizim xarici əlaqələrimiz genişlənir. NATO-nun bu günlərdə keçirilmiş zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu bir daha sübut etdi. Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir.
Yəni bu cəhdlər əbəsdir. Bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir. Onların son addımları göstərir ki, terrordan başqa əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcək. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var.
Cinayətlərdən sonra aparılan əməliyyat-axtarış tədbirləri onu göstərir ki, cinayətkarların bir hissəsi artıq saxlanılıbdır. Operativ əməliyyat-axtarış tədbirləri davam etdiriləcək. Tam əminliklə deyə bilərəm ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək.
Azərbaycan xalqı isə tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz bundan sonra da öz siyasətimizi aparacağıq, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.
Novator.az xatırladır ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı serjant Qasım Aşbazov odlu silahla vurularaq yaralanıblar. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. İstintaqın versiyasına görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.
İyulun 10-u saat 20 radələrində isə 150-200 nəfər dini radikal Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Aksiya iştirakçıları polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərib, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasov həlak olublar.
Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü, 228.4-cü və 315.2-ci maddələri ilə cinayət işi başlanıb.
Polis zabitlərini 1988-ci il təvəllüdlü Gəncə şəhər sakinləri Rəşad Böyükkişiyev və Fərrux Qasımovun öldürdükləri bəyan edilib.
Fərrux Qasımov iyulun 11-də həbs olunub. Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında əməliyyat keçirilib. Onun silahlı müqavimət göstərdiyindən məhv edildiyi açıqlanıb.
Rəsmi məlumata əsasən, 10 iyul cinayətinin fəal iştirakçılarından 11 nəfər tutulub.