Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb. Qeyd olunur ki, iyulun 12-də baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev Gəncəyə gedərək son hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçirib, görülən işlər barədə hesabatlarını dinləyiblər. Məruzəyə görə, 10 iyul cinayətini törədənlərdən 9 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib.
Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı tapşırıqlar veriblər.
Novator.az xatırladır ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı serjant Qasım Aşbazov odlu silahla vurularaq yaralanıblar. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. İstintaqın versiyasına görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.
İyulun 10-u saat 20 radələrində isə 150-200 nəfər dini radikal Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Aksiya iştirakçıları polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərib, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasov həlak olublar.
Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü, 228.4-cü və 315.2-ci maddələri ilə cinayət işi başlanıb.
Polis zabitlərini 1988-ci il təvəllüdlü Gəncə şəhər sakinləri Rəşad Böyükkişiyev və Fərrux Qasımovun öldürdükləri müəyyən edilib.
Fərrux Qasımov iyulun 11-də həbs olunub.
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin ən yeni məlumatına görə isə Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında əməliyyat keçirilib. Rəşad Böyükkişiyevin silahlı müqavimət göstərdiyindən məhv edildiyi bildirilir.
Rəsmi məlumata əsasən, Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən Samir İbrahimov keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb. Bütövlükdə 10 iyul cinayətinin fəal iştirakçılarından 11 nəfərin tutulduğu bildirilir.