Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı son təqdimatını diqqətə çatdırır.
Rusiyada keçirilən çempionatda finala Fransa və Xorvatiya milli komandaları çıxıb. Final oyunu iyunun 15-i Moskvanın “Lujniki” stadionunda keçiriləcək.
Öz ölkəsində keçirilən Avro-2016-nın finalında Portuqaliyaya uduzan (0:1) Fransa millisi həmin məğlubiyyətin əvəzini xorvatlardan çıxmağa çalışacaq. 2013-cü ildə Fransanın U-20 yığması ilə dünya çempionu olan Pol Poqba, Samuel Umtiti, Florian Toven və ehtiyat qapıçı Alfons Areola kimi futbolçularsa həmin uğuru A millidə də təkrarlamağa cəhd edəcəklər.
15 iyun finalını dünya yığması ilə bir millətin komandasının mübarizəsi kimi də dəyərləndirmək olar. Fransa komandasının heyətində bəlkə də təmiz fransızlar yalnız müdafiəçi Bencamin Pavar və cinah oyunçusu Tovendir.
Oyunçuların əksəriyyəti Afrika əsillidir (Kamerun, Əlcəzair, Qvineya, Mali, Seneqal, Toqo, Anqola, Konqo Demokratik Respublikası, Mərakeş). Aralarında müsəlmanlar da var, məsələn, Qvineya əsilli Poqba. Kamerunlu kişinin oğlu Kilian Mbappenin anası isə əlcəzairlidir, özü də həndbolçu olub.
Digər futbolçulardan Antuan Qrizmanın atası alman, anası isə portuqal, Uqo Llorisin atası katalon, Olivye Jirunun nənələri italyan, Lukas Ernandesin atası ispan əsillidir.
Düzdür, vaxtilə xorvatların da heyətində braziliyalı Eduardo (2004-2014), Avstriya əsilli Qordon Şildenfeld (2009-2016) kimi futbolçular çıxış edib. Amma indi Xorvatiya elə bir millətin komandasıdır.
Ümumiyyətlə, rəsmi məlumatlara baxsaq, təxminən 56,6 kvadrat kilometr sahəyə malik Xorvatiyanın 4 milyon 154 minlik əhalisinin 90,42%-i xorvat, yalnız 1,47%-i müsəlmandır.
Əsas fanatı ölkənin xanım prezidenti Kolinda Qrabar-Kitaroviç olan Xorvatiya millisində çalışanlar arasında bir qadın da var. İva Olivari adlı xanım komandanın meneceri kimi fəaliyyət göstərir. Yəqin diqqət etmisiniz, matçlar zamanı ehtiyat oyunçular skamyasında da yer alır.
Məlum olduğu kimi, xorvatlar qrup mərhələsindən sonra finala kimi keçirdikləri hər üç oyunda əlavə vaxt oynayıb (120 dəqiqə), onlardan ikisində penaltilər seriyasında qalib gəliblər. Hətta belə bir lətifə də yaranıb ki, xorvat dilində 4 zaman var: keçmiş, indiki, gələcək zaman və əlavə vaxt.
Son üç dünya çempionatının finalında oyunun əlavə vaxta qalması faktı da maraqlı məqamdır. DÇ-2006-da qalib penaltilər seriyasında müəyyənləşsə də, 2010 və 2014 mundiallarında əlavə 30 dəqiqədə vurulan bir qol çempionluğun taleyini həll edib.
Finalda qarşılaşacaq komandaların şəxsi görüşlərinə gəlincə, öz ölkəsində keçirilən DÇ-1998-in yarımfinalında xorvatlara 2:1 hesabı ilə qalib gələn Fransa millisi həmin mundialı çempion kimi başa vurub.
Rəqiblərin Avro-2004-də qrupdakı oyununda isə qalib müəyyənləşməyib – 2:2.
Fransa və Xorvatiya komandalarının 2011-ci ildə “Stad de Frans”da keçirilən son yoldaşlıq görüşü də heç-heçə başa çatıb – 0:0.
Bu komandaların oyununa həm də Mbappe və Luka Modriçin dueli kimi baxmaq olar. Çempion komandanın üzvü bu il “Ballon d’Or”, yəni “Qızıl top”a əsas namizədlərdən biri olacaq.
Düzdür, “Qızıl top”un tarixində hətta dünya çempionatı ilində mundialda oynamayan birisinin bu mükafatı qazanması faktı var (1978-ci ildə ingilis Kevin Kiqan). Amma son dövrə baxsaq, 1998-ci ildə fransız Zinədin Zidan, 2002-ci ildə braziliyalı Ronaldo və 2006-cı ildə italiyalı Fabio Kannavaro dünya çempionu olmaqla bərabər “Qızıl top”a da sahib çıxıblar. 2010 və 2014-cü illərdəsə bu mükafat müvafiq olaraq çempion ispan və alman futbolçulara deyil, həmin mundiallarda uğursuz çıxış edən argentinalı Lionel Messi və portuqaliyalı Kriştiano Ronaldoya qismət olub.