Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Teyyub Ərdoğan iyulun 10-u Bakıda mətbuata birgə bəyanatlarında iki ölkənin münasibətlərinə diqqət yönəldiblər.
İlham Əliyev deyib ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir: “Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir.
Uzun illərdir torpaqlarımız işğal edilib. Bu işğal nəticəsində xalqımız etnik təmizləməyə məruz qalıb. Bu münaqişənin tezliklə həlli beynəlxalq hüquq normalarının bərpası demək olacaq. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycanın torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr icra edilməlidir, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır.
Türkiyənin bu məsələ ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına uyğundur və eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığına, dostluğuna əsaslanır. Azərbaycan da öz növbəsində, bütün məsələlərdə daim Türkiyəni dəstəkləyir. Bizim birgə fəaliyyətimiz bundan sonra da davam etdiriləcək”.
Dövlət başçısı qeyd edib ki, türkiyəli həmkarı ilə iyulun 10-da keçirilən görüşdə bir çox məsələ haqqında fikir mübadiləsi aparılıb: “Görülmüş işlər təhlil edildi, gələcək planlar haqqında müzakirələr aparıldı. Bizim ticarət dövriyyəmiz artır və daha da artmalıdır. Qarşılıqlı sərmayə qoyuluşu davam edəcək. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub. Türkiyə şirkətləri isə Azərbaycana 12 milyard dollardan çox vəsait yatırıblar. Bu böyük rəqəmlər bizim əlaqələrimizi göstərir. Çünki ancaq qardaş ölkələrə bu qədər böyük sərmayə qoyula bilər.
Biz ölkələrimiz, xalqlarımız və dünya üçün böyük əhəmiyyət daşıyan enerji layihələrini birlikdə həyata keçiririk. Keçən ay Əskişəhər şəhərində TANAP-ın açılışında bərabər olmuşuq. Aramızda imzalanmış TANAP üzrə saziş artıq gerçəkləşdi və bu tarixi layihəyə start verildi.
Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası başa çatır. TANAP layihəsinin başa çatması bu istiqamətdə atılan çox böyük addımdır. Əvvəlki illərdə də digər böyük enerji layihələri birlikdə həyata keçirilib. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib ediblər.
Nəqliyyatla bağlı layihələr həm ölkələrimizi gücləndirir, eyni zamanda qitələr arasında sağlam bağlantı yaradır. Yəni bizim birgə səylərimiz nəinki ölkələrimiz üçün, bütün bölgə üçün və Avrasiya üçün böyük əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik üçün böyük fayda verir”.
Rəcəb Teyyub Ərdoğan Azərbaycanla istər enerji sahəsindəki əlaqələrin, istərsə də müdafiə sənayesi istiqamətində addımların çox böyük əhəmiyyət daşıdığını vurğulayıb. O deyib ki, TANAP layihəsi təkcə Azərbaycan-Türkiyə deyil, eyni zamanda Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir: “Bu layihə bizi ciddi mənada maraqlandırır və bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. TANAP ilə əlaqədar Əskişəhərdə atdığımız addım həqiqətən də həyati bir addımdır”.
Müdafiə sənayesi sahəsində əlaqələrə toxunan Rəcəb Teyyub Ərdoğan deyib: “Türkiyə müdafiə sənayesi sahəsində bundan 15 il əvvəl möhtac bir millət ikən indi ehtiyaclarının 65 faizini ödəyən ölkəyə çevrilib. Bununla da müdafiə sənayesi sahəsində də ixracatı artıran bir Türkiyə var. Təbii ki, bunu qardaş ölkələrlə fərqli bir şəkildə bölüşmək istəyirik”.