Nazirlər Kabinetinin 8 iyul iclasında çıxış edən prezident İlham Əliyev bəzi tapşırıqlar qoyub. Novator.az-ın məlumatına görə, dövlət başçısı hökuməti iqtisadi və maliyyə sektorlarında maksimum şəffaflığı təmin etməyə çağırıb: “Bu şəffaflıq imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı daha inamla inkişaf etsin, qeyri-neft sektorumuza xarici sərmayə daha böyük həcmlə qoyulsun. Çünki bu sektora xarici sərmayənin lazımi səviyyədə olmamasının əsas səbəbi qeyri-şəffaf vəziyyətdir. Eyni zamanda qanunvericilikdə də əlavə tədbirlər görülməlidir”.
Prezident sosial təminat sahəsində ciddi islahatların aparılmalı olduğunu vurğulayıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub. Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir. Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır. Aprel ayında formalaşmış yeni hökumət qarşısında bu vəzifə çox kəskin qoyulub. Bu xoşagəlməz hallara son qoyulmalıdır. Son illər ərzində böyük işlər görülüb və beynəlxalq təşkilatlar da bunu qeyd edir. Bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan daim irəliyə gedir. Ancaq irəliləyiş olsa da, bu, bizi qane edə bilməz. Azərbaycanda bu böyük sosial bəlanın kökü kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə, həm də indi bizim institusional mexanizmlərimiz var. Ən önəmlisi, kadr islahatı aparılır və aparılacaq. Hansı dövlət məmurları bu meyarlara uyğun gəlməyəcəklərsə onlar işdən çıxarılacaqlar və bunu bütün dövlət məmurları bilsinlər”.
İlham Əliyev inşaat sektorundakı problemlərə də toxunub: “Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır.
Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir”.
Elektrik enerjisi ilə bağlı vəziyyətə toxunan prezident deyib: “Son 15 il ərzində 2500 meqavat gücündə yeni generasiya gücləri yaradılıb. Əgər bu generasiya gücləri yaradılmasaydı biz bir neçə gün bundan əvvəl baş vermiş qəzadan belə çıxa bilməzdik. Daha çox vaxt aparacaqdı. Demək olar ki, 2003-cü ildə bizim enerji təsərrüfatımız tam köhnəlmişdi. Ancaq yeni elektrik stansiyalarının yaradılması və mövcud stansiyaların təmiri ilə bağlı atılan addımlar imkan verdi ki, biz enerji çatışmazlığını aradan götürdük. Çünki biz o vaxt xaricdən elektrik enerjisi alırdıq. Çox böyük investisiyalar qoyuldu, bir çox müasir stansiya tikildi. Mövcud stansiyalar, o cümlədən Mingəçevir İstilik Elektrik Stansiyasında bəzi təmir işlər aparılıb. Ancaq buna baxmayaraq baş vermiş qəza onu göstərir ki, bizim enerji təsərrüfatımızda çox böyük problemlər, qüsurlar var. Bir daha demək istəyirəm ki, bir qəzaya görə bütün enerji sistemi çökməməlidir. Bir lokal qəza ümumi sistemin çökməsinə gətirib çıxarmamalıdır. Bunun heç cür izahatı ola bilməz. Mən heç bir izahatı da qəbul etmirəm. Bu gün işləyən komissiya yaxın gələcəkdə öz rəyini verəcək. Eyni zamanda Mingəçevirə ekspertlər qrupu ezam edilmişdir. Onlar da öz sözünü deyəcəklər. Biz qəzanın səbəblərini tam dəqiqliyi ilə bilməliyik. Nə üçün bu qəza bütün enerji sistemimizi belə vəziyyətə qoyub?! Biz bunun cavabını alacağıq. Ancaq ilkin məlumata görə, bunun səbəbi ondan ibarətdir ki, hətta son illər ərzində istifadəyə verilmiş stansiyalar da tam gücü ilə işləmir. Bunun səbəbi araşdırılmalıdır. Çox güman ki, bunların istismar dövründə səhvlər buraxılıb. Bütün işlərdə biz ədalətli olmalıyıq. Kimisə cəzalandıranda, kiməsə təşəkkür edəndə ədalət, dəqiq informasiya, təhlil olmalıdır. Ancaq bu qəza çox ciddi bir siqnaldır. Hazırda enerji sistemimizdə struktur islahatları ilə bağlı işlər aparılır. Belə göstəriş verilib. Bütün enerji təsərrüfatımızın təftişi məsələsi öz həllini tapır. Komissiyada bu məsələ müzakirə ediləcək, mənə təkliflər veriləcək. Biz Azərbaycanın enerji sistemini ən müasir əsaslarla idarə etməliyik”.