Türkiyə rəsmən prezident idarə üsuluna keçib. Novator.az-ın məlumatına görə, ikinci dəfə prezident seçilmiş Rəcəb Teyyub Ərdoğan iyulun 9-u Türkiyə Böyük Millət Məclisində and içərək səlahiyyətlərinin icrasına başlayıb.
Hakim Ədalət və İnkişaf Partiyasının sədri olan dövlət başçısı iyunun 24-də parlament seçkisi ilə birgə keçirilmiş prezident seçkisində qalib gəlib. Qoşa seçki ilə ölkə konstitusiyasına ötən ilin aprelində edilmiş dəyişikliklər tam qüvvəyə minib, idarə üsulu dəyişib: baş nazir postu ləğv edilib, prezident hökumət başçısı olub.
64 yaşlı Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazir postunu tutub, 2014-cü ilin avqust ayından prezidentdir.
İyulun 9-da Rəcəb Teyyub Ərdoğan hökumətin tərkibini açıqlayıb. Fuad Oqtay vitse-prezident postuna gətirilib.
Xarici işlər naziri postunu Mövlud Çavuşoğlu, milli müdafiə naziri postunu Hulusi Akar, ədliyyə naziri postunu Əbdülhəmid Gül, daxili işlər naziri postunu Süleyman Soylu tutub. Ümumilikdə hökumət 16 nazirdən ibarətdir.
Rəcəb Teyyub Ərdoğanın sərəncamı ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsi ordu generalı Yaşar Gülərə verilib.
Türkiyə Böyük Millət Məclisinin yeni tərkibində isə 7 partiya yer alır. 600 nəfərlik parlamentdə hakim Ədalət və İnkişaf Partiyası 294 mandatla üstün mövqedədir.
Cümhuriyyət Xalq Partiyası 144 mandatla ikinci böyük fraksiyadır.
Xalqların Demokratik Partiyası parlamentdə 67 mandatla təmsil olunur.
Milliyyətçi Hərəkat Partiyasının 49 mandatı var.
Onu 43 mandatla Yaxşı Partiya izləyir.
Səadət Partiyası Türkiyə Böyük Millət Məclisində 2, Böyük Birlik Partiyası 1 kürsüyə sahibdir.
Parlament sədri iyulun 12-də seçiləcək. Hakim partiya bu posta sonuncu baş nazir Binəli Yıldırımı namizəd göstərib. Sədr seçilmək üçün ilk iki turda 400 səs, üçüncü turda 301 səs lazımdır.
Binəli Yıldırım 1955-ci ildə doğulub. Ədalət və İnkişaf Partiyasının qurucularındandır. 2002-ci ildən bəri bütün hökumətlərdə təmsil olunub. 2016-cı il mayın 24-dən baş nazir postunu tutub.