Ermənistanın sabiq prezidenti Robert Köçəryan iyulun 10-u Yerevan.today saytına müsahibəsində 1 mart 2008-ci il olaylarından danışıb.
Robert Köçəryan 1 mart 2008-ci il qırğınının istintaqına cəlb olunub. Xüsusi İstintaq Xidməti sabiq prezidenti şahid qismində dindirmək üçün istintaqa çağırıb.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Robert Köçəryan 1997-ci ildə prezident Levon Ter-Petrosyanın sərəncamı ilə Ermənistana baş nazir gətirilib. Levon Ter-Petrosyan 1998-ci ilin fevralında istefaya məcbur edilib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.
2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası Dağlıq Qarabağ bölgəsində doğulmuş baş nazir Serj Sərkisyanı qalib elan edib. Əsas namizədlərdən olan birinci prezident Levon Ter-Petrosyanın tərəfdarları paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2008-ci ildə Robert Köçəryanı prezident postunda əvəzləyən Serj Sərkisyan 2013-cü ildə yenə prezident seçilib. 2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub. Ancaq xalq etirazlarına görə Serj Sərkisyan aprelin 23-də istefa verib. Mayın 8-də Nikol Paşinyan baş nazir kürsüsünə oturub.
2008-ci ilin prezident seçkisində Nikol Paşinyan Levon Ter-Petrosyanın seçki qərargahının üzvü kimi fəaliyyət göstərib. O, seçkinin nəticələrinə etiraz aksiyalarında iştirakına görə cinayət məsuliyyətinə alınıb, 2009-cu ildən 2011-ci ilə kimi həbsdə yatıb.
Hakimiyyətə gələndən sonra Nikol Paşinyan 2008-ci il hadisələrinin istintaqının yenilənməsi prosesinə start verib.
2018-ci il iyulun 3-də Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri general-polkovnik Mikael Arutunyanı axtarışa verib. 1 mart 2008-ci il qırğınında təqsirləndirilən generalın həbsi üçün vəsatət verilib.
İstintaqın qənaətinə əsasən, 2008-ci ildə müdafiə naziri postunu tutan Mikael Arutunyan və başqa vəzifəli şəxslər faktiki hərbi vəziyyət tətbiq edərək aksiyaçılara divan tutublar. Mikael Arutunyana dövlət hakimiyyətinin mənimsənilməsi ittihamı irəli sürülüb.
Mikael Arutunyan 1946-cı ildə Azərbaycanın Şamaxı rayonunun Saqiyan kəndində anadan olub. Ermənistanın müdafiə naziri postunu 2007-2008-ci illərdə tutub.
İyulun 10-u Yerevan.today saytına müsahibəsində Robert Köçəryan Mikael Arutunyanı müdafiə edib. O, 2008-ci ildə müdafiə nazirinin öz səlahiyyətlərini icra etdiyini vurğulayıb: “Müdafiə nazirini öz səlahiyyətlərini icra etməkdə təqsirləndirmək məntiqsizlikdir. Nazir öz işini yerinə yetirib. Ölkədə gərginlik olduğu üçün ordu hissələrinin kazarma şəraitinə keçirilməsi barədə əmr verib. Müdafiə qüdrətinin artırılması üçün ordunun kazarma şəraitinə keçirilməsi adı haldır. Mənim bildiyimə görə, ordu hissələri 2008-ci il martın 1-də nümayişçilərlə toqquşmayıb və silah tətbiq etməyib”.
Robert Köçəryan 2008-ci ilin prezident seçkisindən sonra yaranmış siyasi vəziyyəti xatırladaraq həmin vaxt ordunun yüksək çinli mənsublarına hərbi qulluqçuların siyasi proseslərə qarışmaması üçün qəti tapşırıqlar verdiyini bildirib.
İyulun 10-da yayılan başqa bir məlumata əsasən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov da şahid qismində 1 mart 2018-ci il hadisələrinin istintaqına cəlb olunub. Yuri Xaçaturov həmin hadisələr zamanı müdafiə nazirinin müavini postunu tutub.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan daxildir. Yuri Xaçaturov bu qurumun baş katibi postuna ötən il aprelin 14-də təyin olunub.
1952-ci ildə Gürcüstanda anadan olan Yuri Xaçaturov general-polkovnikdir.