“Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq”. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında belə deyib.
İyulun 8-də keçirilən iclasda 2018-ci ilin ilk yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələr müzakirə olunub, iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov hesabat veriblər.
Novator.az-ın məlumatına görə, iclası giriş nitqi ilə açan İlham Əliyev Ermənistanda baş verənlərə toxunub: “20 ilin kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyəti tam iflasa uğradı. Mənim dediklərimi indi erməni xalqı deyir. Bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sərkisyan rejimi əslində Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki müstəqilliyinin 26 ilinin 20 ili bu hakimiyyət altında keçibsə, onda bu dövlətin hansı müsbət cəhətləri var?!
Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın. Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhval-ruhiyyəsi də yaxşı səviyyədə olmaz”.
Dövlət başçısı Ermənistanın yeni hökumətinə mesaj göndərib: “Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
Münaqişənin həllinin bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq”.
Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünə dəstək artır: “Bir çox ölkələrlə imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da təmaslar əsnasında daim bu mövzu qaldırılır və bizim siyasətimiz böyük dəstək alır. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu istiqamətdə çox böyük işlər görülüb. Xalqa bu barədə müntəzəm olaraq məlumatlar verilir, mənim hərbi hissələrə çoxsaylı səfərlərim mətbuat tərəfindən işıqlandırılır, əldə etdiyimiz texnikanın göstərilməsi müntəzəm olaraq təşkil edilir. Əlbəttə ki, bizim hərbi potensialımızın əyani sübutu ötən ay keçirilmiş hərbi paraddır. Paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bizim ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bunu göstərdi.
Eyni zamanda ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərib. 2016-cı ilin aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir”.