Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişiklikləri imzalayıb və onun tətbiqinə fərman verib.
Tədris dilini tənzimləyən maddəyə əsasən, Azərbaycanın təhsil müəssisələrində tədris dili Azərbaycan dilidir. Novator.az bildirir ki, maddədəki yeniliyə görə, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya ölkə prezidentinin müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır.
Təhsil müəssisəsinin təsisçisinə aid maddədəki yenilik belədir: “Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə say nisbəti dəyişdirilə bilər”.
Təhsil müəssisəsinin akkreditasiyası qaydasında dəyişikliyə əsasən, təhsil müəssisəsinin akkreditasiyası təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildən bir həyata keçirilir.
Qanunun ümumi təhsil maddəsində belə bir yenilik var: “Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər”.
Qanuna “Pedaqoji fəaliyyətlə məşğul olma” adlı yeni maddə əlavə edilib. Həmin maddəyə görə, Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
Bu şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması yasaqdır: məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər; ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər; fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; rəsmən təsdiqlənən siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.
Etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Başqa bir yeniliyə görə, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçirlər.
Bu şəxslər sertifikatlaşdırmadan azaddır: hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); ilk dəfə işə qəbul olunanlar, 5 il müddətində; azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
Sertifikatlaşdırmadan keçən şəxslərə 5 il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir.