Konstitusiya Məhkəməsinin Plenumu Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb.
Şəki Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək ölmüş şəxsin hüquq varislərinin kreditorlar qarşısında hansı həcmdə məsuliyyət daşıması, zaminlərin ölmüş şəxsin öhdəliklərinə görə mülki məsuliyyətinin olub-olmaması, məsuliyyətin olacağı təqdirdə onun hansı həcmdə və hansı vaxtdan yaranması və yaxud borclunun ölümü ilə zaminliyə xitam verilib-verilməməsi məsələlərinin Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin tələbləri baxımından şərh olunmasını xahiş edib. Müraciətdə göstərilir ki, “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti Qəbələ Rayon Məhkəməsində iddia qaldıraraq Cumar Ağayev, Knyaz Məmmədov və digərlərindən müştərək qaydada bankın xeyrinə 8 min 722,36 ABŞ dolları məbləğində kredit borcunun tutulması barədə qətnamə çıxarılmasını istəyib. İddia tələbi onunla əsaslandırılıb ki, kreditor ilə borclu C.Ağayev arasında 21 may 2013-cü ildə bağlanmış kredit müqaviləsinə görə 120 ay müddətinə 30 min ABŞ dolları məbləğində kredit xətti açılıb. 25 fevral 2014-cü il razılaşması əsasında 24 ay müddətinə aylıq 2,25 faiz olmaqla 13 min ABŞ dolları məbləğində kredit verilib. Borclu 13 sentyabr 2015-ci ildə vəfat etdiyindən kredit borcu və faiz borcundan ibarət ödənilməli olan vəsaitlər banka ödənməyib və onun 6 min 249,39 ABŞ dolları məbləğində borcu qalıb. Qeyd olunan kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasının təmin olunması üçün zaminlik müqavilələri bağlanıb, həmin müqavilələrə görə K.Məmmədov, Y.Ağayev, M.Əliyeva və N.Əzimov öz üzərlərinə borclu C.Ağayev ilə birgə məsuliyyət götürüblər.
Cavabdeh C.Ağayev vəfat etdiyindən Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il qərardadı ilə o, hüquq varisləri olan arvadı Ç.Ağayeva, uşaqları S.Ağayev və E.Ağayev ilə əvəz edilib.
Qəbələ Rayon Məhkəməsinin 29 avqust 2017-ci il qətnaməsi ilə iddianın qismən təmin edilməsi, hüquq varisləri Ç.Ağayeva, S.Ağayev və E.Ağayevdən müştərək qaydada “AccessBank” QSC-nin xeyrinə 6 min 249,39 ABŞ dolları məbləğində kredit borcunun tutulması, iddianın cavabdeh olan zaminlər K.Məmmədov və qeyrilərinə aid hissədə təmin edilməməsi qət edilib.
Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə rədd edərkən qətnaməsini onunla əsaslandırıb ki, zaminlik müqaviləsi aksessor xarakterli olduğundan kreditorun zaminə qarşı tələb irəli sürməsi üçün əsas öhdəlik pozulmalıdır, hazırkı işdə isə C.Ağayevin öldüyü vaxtadək əsas öhdəlik pozulmadığından Mülki Məcəllənin 442, 448.1, 470, 472.1, 739.1 və 1306.1-ci maddələri tətbiq edilməlidir.
“AccessBank” QSC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, əsas borcun, faiz və cərimənin C.Ağayevin hüquq varisləri və zaminlərindən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
Şəki Apellyasiya Məhkəməsi mülki işə baxarkən qanunvericiliyin müvafiq normalarında qeyri-müəyyənliklərin və həmin məsələlərlə bağlı məhkəmə təcrübəsində müxtəlif yanaşmaların olduğunu nəzərə alaraq Mülki Məcəllənin bəzi maddələrinin Konstitusiya Məhkəməsində şərh edilməsi zərurətinin yarandığı qənaətinə gəlib.
Novator.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunur ki, borclunun ölümündən sonra ilk növbədə mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar: “Miras qoyanın kreditorları vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.
Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər”.