1/4 finalçıların təqdimatı
- 06 İyul 2018
- comments
- Novator.az
- Posted in ManşetŞərh
Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı yeni təqdimatını diqqətə çatdırır.
İyunun 14-dən Rusiyada keçirilən çempionatda 8 komanda 1/4 finala adlayıb.
Uruqvay – Fransa
Vaxtilə Anri, Anelka, Riberi, Benzema, Bafetimbi Qomis kimi fransalı futbolçular millidə Fernando Musleranın qapısına yol tapa bilməyiblər. İndiki heyətdən Olivye Jiru da 2 oyunda “Qalatasaray”lı qapıçını məyus etməyi bacarmayıb.
Ümumiyyətlə, Uruqvay və Fransa komandalarının XXI əsrdə keçirdikləri 5 qarşılaşmada cəmi 1 qolun vurulması diqqət çəkir. Həmin oyunlardan dördü 0:0 hesabı ilə başa çatıb (ö cümlədən DÇ-2002 və DÇ-2010-da). Yalnız 2013-cü ildə Montevideoda rəqiblərin yoldaşlıq görüşü Luis Suaresin dəqiq zərbəsi sayəsində uruqvaylıların 1:0 hesablı qələbəsi ilə nəticələnib.
DÇ-2018-də inamlı müdafiəsi və intizamlı oyunu ilə fərqlənən Uruqvay millisi 4 oyunda qapısından 1 top buraxıb və cəmi 1 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Bu mənada Musleradan başqa “Atletiko”nun mərkəz müdafiəçiləri Dieqo Qodin və Xose Ximenesin də adlarını qeyd etmək lazımdır. Onların “Atletiko”dakı oyundaşları, fransalı hücumçu Antuan Qrizmann qarşıdakı oyun barədə fikirləri çox maraqlıdır: “Uruqvay Atletiko“ kimi oynayacaq. Onlar vaxtı uzadacaq, yerə yıxılacaq və tez-tez hakimə yaxınlaşacaqlar. Uruqvay bizə öz oyununu qəbul etdirməyə çalışacaq və bu səbəbdən oyunun maraqsız keçəcəyi görünür”.
Mundialda 3 qol vuran Edinson Kavani zədə səbəbindən bu qarşılaşmanı buraxsa, Uruqvayın bütün diqqətini müdafiəyə yönəldəcəyi qaçılmazdır.
Kavaninin PSJ-dəki oyundaşı Kilian Mbappe (o da 3 qola imza atıb) bu müdafiəni yarmaqda fransızların əsas ümidi olacaq. 19 yaşlı forvard Peledən (DÇ-1958-də 17 yaşında) sonra dünya çempionatlarında dubl edən ən gənc futbolçudur. Argentina ilə oyunda hətta sürətini saatda 39 kilometrə yüksəldən və bununla da dünya çempionatlarının ən sürətli futbolçusu olan Mbappeni saxlamaq mümkün olacaqmı?
Braziliya – Belçika
Hücum futbolu oynayan, mundialda rəqib qapılarına ən çox zərbə vuran iki komanda qarşılaşacağından bu matçın maraqlı keçəcəyini təxmin etmək olar.
Belçika 12 qolla yarışın ən məhsuldar komandasıdır. 4 dəfə rəqib qapılarına yol tapan Romelu Lukaku isə bir dünya çempionatında ən çox qol vuran belçikalı olmaqla bərabər onlara məşq keçən məşhur Tyerri Anrinin də göstəricilərini geridə qoyub. Bəli, həm DÇ-1998, həm də DÇ-2006-da 3 qol vuran fransalı 2016-cı ildən Belçikada baş məşqçi Roberto Martinesin sağ əlidir.
Ardıcıl ikinci mundialda 1/4 finala çıxan belçikalıların dünya çempionatlarında ən böyük uğuru 1986-cı ildə 4-cü yeri tutmaqdır. İndi həmin nailiyyəti təkrarlamaq və ya daha da yaxşılaşdırmaq üçün Braziliya səddini adlamaq lazımdır.
2002-ci ildə Braziliya 1/8 finalda Belçikaya qalib gələrək (2:0) həmin mundialda çempion tituluna sahib çıxmışdı. Elə indi də bir çoxları Braziliya – Belçika cütünün qalibinin yekunda dünya çempionu olacağını ehtimal edir. Nə deyirik, zaman göstərər.
Yaxşı oyunla bərabər simulyasiyaları ilə də diqqəti cəlb edən braziliyalı Neymarın Belçika görüşündə həm də yerdə nə qədər yıxılıb qalacağını maraqla izləyəcəyik. İlk 4 oyunda 23 dəfə qayda pozuntusuna məruz qalan 26 yaşlı forvardın düz 13 dəqiqə 50 saniyə meydanda uzanıb qaldığını hesablayıblar ki, bunun da beş dəqiqə yarımı Meksika ilə qarşılaşmaya təsadüf edib.
İsveç – İngiltərə
Şaybalı xokkeydə 11 dəfə, o cümlədən son iki ildə dünya çempionu olan İsveç futbolda ən yaxşı halda öz evində keçirilən DÇ-1958-də 2-ci yeri tutub. İndi bu nailiyyətə çatmaq üçün isveçlilər əvvəlcə İngiltərə, sonra isə Rusiya və ya Xorvatiya səddini uğurla adlamalıdırlar.
İsveç və İngiltərənin dünya çempionatlarında əvvəlki iki görüşü bərabərliklə başa çatıb: 2002-ci ildə 1:1, 2006-cı ildə 2:2. Avro-2012-də qrupda ingilislərə 2:3 hesabı ilə məğlub olan isveçlilər həmin il yoldaşlıq görüşündəsə Zlatan İbrahimoviçin 4 qolu sayəsində onlara qalib gəlmişdilər – 4:2.
Bəli, İsveç millisi İbrahimoviçlə ən yaxşı halda Avro-2004-də 1/4 finala yüksəlsə də, onsuz hamını təəccübləndirməkdə davam edir. Seçmə mərhələnin qrupunda Hollandiyanı qabaqlayan, pley-offundasa İtaliyadan güclü olan, final turnirində qrupda Almaniyanı geridə qoyan, nəhayət, 1994-cü ildən sonra ilk dəfə mundialda 1/4 finala yüksələn İsveç futbolçuları növbəti sensasiyanın izindədirlər.
“Sarı-göylər”in yeganə narahatçılığı hücumçu Markus Berqin mundialın ilk 4 oyununda rəqib qapılarına 10-dan çox zərbə vurmasına baxmayaraq hələ də ayağının açılmamasıdır.
İngiltərə millisi də 2006-cı ildən sonra ilk dəfə mundialda 1/4 finala çıxmaqla azarkeşlərini sevindirib. Bundan başqa ingilislər ilk dəfə dünya çempionatlarında penaltilər seriyasında qalib gəlməklə tilsimi qıra biliblər (DÇ-1990, DÇ-1998 və DÇ-2006-da məhz penaltilərdə uduzaraq mübarizəni dayandırmışdılar). Onlar oyun zamanı da penaltidən 3 qol vurmaqla hazırkı yarışda öndədirlər.
Mundialın bombardiri, komandasının 9 qolundan 6-na imza atan Harri Keyn isə həm ardıcıl altı milli matçda fərqlənməklə 79 illik rekordu, həm də 1986 mundialında 6 qol vuran həmyerlisi Qari Linekerin nailiyyətini təkrarlayıb. Keyn indi Linekerdən sonra dünya çempionatının bombardiri olan ikinci ingilis kimi tarixə düşməyə çox yaxındır.
Rusiya – Xorvatiya
Ruslar xorvat səddini adlamaqla 1966 mundialında yarımfinala çıxan SSRİ yığmasının tarixi nailiyyətini təkrarlaya bilərlər.
Azərbaycan əsilli cinah oyunçusu Aleksandr Səmədov Rusiya komandasının əsas xüsusiyyətinin xarakter, yəni iradə olduğunu bildirib. O həmçinin səbir və gördükləri qara iş sayəsində ispanları keçdiklərini deyib.
Bu da 33 yaşlı Səmədovun ilk 4 oyundakı bəzi statistik göstəriciləri: oynadığı dəqiqələr – 305, qət etdiyi məsafə – 38,5 kilometr, qapı istiqamətində zərbələri – 2, cəmi ötürmələri – 129, dəqiq ötürmələri – 103, dəqiq uzun ötürmələri – 8, künc zərbələri – 10, top itirməsi – 27, qayda pozuntusu – 5 dəfə.
Rusiya və Xorvatiya komandalarının əvvəlki görüşlərinə gəlincə, rəqiblərin Avro-2008-in seçmə mərhələsi çərçivəsində keçirilən hər iki görüşü qolsuz başa çatıb.
Ruslar Leonid Slutskinin baş məşqçi olduğu dövrdə isə xorvatlara 1:3 hesabı ilə uduzublar. Bu, 2015-ci ildə Rostovda keçirilən yoldaşlıq görüşündə qeydə alınıb.
Bu dəfə Soçidə üz-üzə gələcək komandaların oyununda Xorvatiya millisini 6 minə yaxın azarkeş dəstəkləyəcək. Onların da arasında ölkə prezidenti Kolinda Qrabar-Kitaroviçin də olacağı gözlənir. Danimarka ilə matça təyyarədə “ekonom klass”da gələn və stadionda adi azarkeşlər arasında oturan xanım prezidentin ayağı komandasına düşərli olub.