İyulun 5-i səhər Mingəçevir şəhərindəki “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin ərazisində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamaya görə, yanğın xəbəri nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 08:25-də daxil olub: “Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıblar. Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 kvadratmetr sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 08:46-da söndürülüb”.
Novator.az xatırladır ki, bu, son günlər “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin ərazisində baş vermiş üçüncü qəzadır. İyulun 3-nə keçən gecə elektrik stansiyasının yarımstansiyalarından birində cərəyan transformatorunda yanğınla nəticələnən qəza nəticəsində Bakı və Gəncə şəhərləri də daxil olmaqla ölkənin 39 şəhər və rayonunu işıqsız qalıb. Həmin gün saat 19 radələrində daha bir qəza baş verib, nəticədə işığı kəsilən şəhər və rayonlarda oxşar problemlər baş qaldırıb, eyni zamanda Bakı metrosu iyulun 4-ü günortayadək fəaliyyət göstərə bilməyib.
İyulun 3-də prezident İlham Əliyev qəza ilə əlaqədar dövlət komissiyası yaradıb, iyulun 4-də isə komissiya üzvlərinin iştirakı ilə müşavirə keçirib.
Qəza ilə bağlı komissiya yaradıldı