Müdafiə Nazirliyi Azərbaycan Ordusunun iyulun 2-dən keçirilən təlimləri ilə bağlı yeni məlumatlar yayıb.
Təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
İyulun 4-də verilən rəsmi açıqlamaya görə, təlim iştirakçıları ərazinin maketi üzərində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkilini həyata keçiriblər: “Müşavirədə çətin dağlıq relyef şəraitində qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları işlənib. Qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara müvafiq göstərişlər verilib”.
Başqa bir məlumata əsasən, təlimlərə cəlb olunmuş qərargahlar ərazidə döyüş tapşırıqlarını ətraflı planlaşdırır və dəqiqləşdirirlər: “Qoşunların fəaliyyəti və düşmən haqqında tam məlumata malik olmaq üçün məlumatların əldə edilməsi kəşfiyyat, müşahidə və digər texniki vasitələr, o cümlədən pilotsuz uçuş aparatlarından geniş istifadə edilməklə həyata keçirilir”.
Həmçinin təlimlərin gündüz və gecə vaxtı döyüş atışlı mərhələsi başlayıb: “Bu mərhələdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı hücum əməliyyatının keçirilməsi tapşırıqlarını icra edir.
Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilir, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilir.
Müxtəlif təlim poliqonlarında yeni silah sistemlərinin də istifadəsi ilə motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları və bombalama icra edir”.