Avropa Parlamenti Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq sazişi bağlanması üçün tövsiyələr qəbul edib.
Tövsiyələr Avropa Komissiyasının və Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbərinə ünvanlanıb.
“Amerikanın səsi” xəbər verir ki, tövsiyələr iyulun 4-də Avropa Parlamentində 564 deputat lehinə, 69 deputat əleyhinə olmaqla qəbul edilib. Səsvermə zamanı Avropa Parlamentinin 47 deputatı bitərəf qalıb.
Tövsiyələrdə Azərbaycanla sazişin bağlanması üçün bir sıra şərtlər əksini tapır. Bildirilir ki, gələcək saziş əsas azadlıqları təmin etməli, həmçinin korrupsiya, pulların yuyulması və vergidən yayınmaya qarşı mübarizəni nəzərdə tutmalıdır. Qeyd olunur ki, Avropa İttifaqının əsas dəyərlərinə və hüquqlarına hörmətin təmin edilməsi Azərbaycanla münasibətləri dərinləşdirməyin şərtlərindən biridir.
Daha sonra Avropa Parlamenti Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq sazişi bağlanması üçün danışıqları aparanlara bu şərtləri nəzərə almağı tövsiyə edir:
– gələcək sazişin hər iki tərəfdə təkcə iri şirkətlərə deyil, həm də Avropa İttifaqı və Azərbaycan vətəndaşlarına konkret fayda gətirməsi təmin edilsin;
– Avropa İttıfaqı və Azərbaycan arasında münasibətlərin demokratiya, qanunun aliliyi, yaxşı idarəçilik, insan hüquqları və əsas azadlıqlara əməl olunması ilə şərtləndirilməsi təmin edilsin;
– Azərbaycan hakimiyyəti yadda saxlamalıdır ki, əgər Avropa İttıfaqının əsas dəyərlərinə və hüquqlarına əməl etməsə heç bir hərtərəfli saziş ratifikasiya edilməyəcək;
– danışıqlar başa çatana qədər Azərbaycanın öz siyasi məhbuslarını, vicdan məhbuslarını azad etməsi vacibdir;
– insan hüquqlarının müdafiəsini, əsas azadlıqları və dinc toplaşma azadlığı hüququnu təmin etmək üçün Azərbaycana yardım göstərmək lazımdır;
– məhkəmə sisteminin qərəzsizliyini və onun icra hakimiyyətindən asılı olmamasını təmin etmək üçün məhkəmə sistemində islahatları dəstəkləmək lazımdır;
– iqtisadi cinayətlərə, korrupsiya, pulların yuyulması, vergidən yayınmaya qarşı mübarizəyə dair Avropa İttifaqı konkret tədbirlər görməli, “Laundromat” işi çərçivəsində pulların yuyulmasını araşdırmaq lazımdır;
– gələcəkdə Azərbaycanda azad və plüralist KİV-i dəstəkləmək, onun üstün siyasi və oliqarx qruplardan asılı olmamasını təmin etmək lazımdır.
Avropa Parlamentinin deputatları ümid edirlər ki, danışıqlar cəld gedərsə və bütün əsas şərtlər yerinə yetirilərsə yeni saziş 2019-cu ildə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammitinədək imzalana bilər.
Deputatlar həmçinin təkid edirlər ki, Avropa Parlamenti razılıq verməyincə Avropa İttifaqı yeni sazişin ilkin qaydada qüvvəyə minməsini təmin etməsin.
Parlamentin Azərbaycan üzrə məruzəçisi Norika Nikolay deyib: “Avropa İttıfaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Azərbaycan isə Avropa İttifaqının energetika üzrə strateji tərəfdaşıdır. Hərtərəfli sazişlə münasibətlərimizin çərçivəsini yeniləməyin vaxtı çatıb. Bugünkü səsvermə göstərir ki, Avropa Parlamenti Azərbaycanda baş verən hadisələrə çox diqqətlə yanaşacaq. Ümid edirəm ki, lazımi irəliləyişin əldə olunması üçün birgə fəaliyyət göstərə biləcəyik”.
Hazırda Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər 1999-cu ilin tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi ilə tənzimlənir. Yeni saziş üzrə danışıqlar 2017-ci ilin fevralından başlanıb.
2018-ci ilin mayında Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində 56 nəfər lehinə, 2 nəfər əleyhinə, 7 nəfər bitərəf olmaqla tövsiyələr qəbul edilmişdi. Bu tövsiyələr Avropa İttifaqının rəhbərliyinə Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq sazişi ilə bağlı verilmişdi.
Tövsiyələrdə deputatlar Avropa İttifaqını bu addımları atmağa çağırırdılar:
– Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin dərinləşməsinin demokratiyaya, qanunun aliliyinə, yaxşı idarəçiliyə, insan hüquq və əsas azadlıqlarına riayət və hörmətlə şərtlənməsini təmin etməyə;
– Azərbaycan hakimiyyətinə Avropa İttifaqının əsas dəyərlərinə və hüquqlarına riayət edilməsə, heç bir hərtərəfli sazişin ratifikasiya olunmayacağını xatırlatmağa;
– Azərbaycanla gələcək sövdələşmənin hərtərəfli olduğuna və hər iki tərəfə xeyir gətirəcəyinə zəmanət verməyə;
– İqtisadi cinayətlərə, o cümlədən korrupsiyaya, çirkli pulların yuyulmasına və vergi ödənişindən yayınmalara qarşı mübarizədə, habelə çirkli pulların yuyulması sxeminin işinin təkrar araşdırılmasında Azərbaycanı dəstəkləmək məqsədilə konkret müddəalar tətbiq etməyə;
– Danışıqlar başa çatana qədər Azərbaycanın 2017-ci ildə sayı 150 nəfərdən artıq olan siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi üzrə mühüm addımlar atmasını təmin etməyə;
– Azərbaycanda redaksiya müstəqilliyi və Avropa İttifaqının standartları təmin edilməklə azad və plüralist kütləvi informasiya vasitələrinin gələcək inkişafına şərait yaratmağa.