Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri general-polkovnik Mikael Arutunyanı axtarışa verib. Novator.az-ın məlumatına görə, 1 mart 2008-ci il qırğınında təqsirləndirilən generalın həbsi üçün vəsatət verilib.
2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası baş nazir Serj Sərkisyanı qalib elan edib. Əsas namizədlərdən olan birinci prezident Levon Ter-Petrosyanın tərəfdarları paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
İstintaqın qənaətinə əsasən, 2008-ci ildə müdafiə naziri postunu tutan Mikael Arutunyan və başqa vəzifəli şəxslər faktiki hərbi vəziyyət tətbiq edərək aksiyaçılara divan tutublar.
Mikael Arutunyana dövlət hakimiyyətinin mənimsənilməsi ittihamı irəli sürülüb.
Novator.az bildirir ki, Mikael Arutunyan 1946-cı ildə Azərbaycanın Şamaxı rayonunun Saqiyan kəndində anadan olub. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Ermənistanın müdafiə naziri postunu 2007-2008-ci illərdə tutub. 2007-ci ilədək Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini olub. 2008-ci ildən Ermənistan prezidenti yanında baş hərbi inspektor vəzifəsində çalışıb.
1998-ci ildən Ermənistana Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulmuş şəxslər rəhbərlik ediblər. 1991-ci ildə müstəqillik əldə edəndə Ermənistanda prezident postunu Suriyada doğulmuş Levon Ter-Petrosyan tutub. 1997-ci ildə o, Dağlıq Qarabağda doğulmuş Robert Köçəryanı baş nazir postuna gətirib.
1998-ci ilin fevralında Levon Ter-Petrosyan istefa verib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.
2008-ci ildə Robert Köçəryanı prezident postunda Serj Sərkisyan əvəzləyib. Serj Sərkisyan 2013-cü ildə yeni prezident seçilib.
2018-ci il aprelin 9-da prezident səlahiyyətləri başa çatan Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub. Ancaq xalq etirazlarına görə Serj Sərkisyan aprelin 23-də istefa verib.
İcevan şəhərindən olan Nikol Paşinyanın mayın 8-də baş nazir kürsüsünə oturması ilə qarabağlıların Ermənistanda 20 illik hökmranlığına son qoyulub.
2008-ci ilin prezident seçkisində Nikol Paşinyan Levon Ter-Petrosyanın seçki qərargahının üzvü kimi fəaliyyət göstərib. O, seçkinin nəticələrinə etiraz aksiyalarında iştirakına görə cinayət məsuliyyətinə alınıb, amma gizləndiyi üçün onu tutmaq mümkün olmayıb. 2009-cu ildə Nikol Paşinyan polisə təslim olaraq həbsə göndərilib, 2011-ci ildə amnistiyaya düşərək azadlığa çıxıb.
Hakimiyyətə gələndən sonra Nikol Paşinyan 2008-ci il hadisələrinin istintaqının yenilənməsi prosesinə start verib.