İyulun 3-də prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar dövlət komissiyasının yaradılmasına sərəncam verib.
Sərəncamda qeyd olunur ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza olub: “Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bir neçə saatdan sonra elektrik enerjisi ilə təminat əsasən bərpa olunub”.
Baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə yaradılan dövlət komissiyasına baş nazirinin birinci müavini sədrlik edir. Ona energetika naziri müavin təyin olunub.
Komissiyanın üzvləri bu vəzifəli şəxslərdir: daxili işlər naziri; fövqəladə hallar naziri; baş prokuror; Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi; “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti; “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri; Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı; Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru.
Baş Prokurorluğa baş vermiş hadisənin səbəblərini araşdırmaq və təqsirkar şəxsləri müəyyən edərək məsuliyyətə cəlb etmək üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirmək tapşırılıb.