Məhbus general-leytenant Manvel Qriqoryanın həyat yoldaşı Nazik Əmiryan başqa yerə getməmək şərti ilə sərbəst buraxılıb. Novator.az-ın məlumatına görə, Ermənistanın Xüsusi İstintaq Xidməti ona qanunsuz silah-sursat saxlamaq ittihamı irəli sürüb. İstintaq müəyyən edib ki, Nazik Əmiryan iyunun 16-dək Armavir vilayətinin Arşaluys kəndindəki iki malikanədə 17 min ədəddən çox patron, onlarca qumbara və digər silah-sursat saxlayıb.
Nazik Əmiryan iyunun 27-də şübhəli şəxs qismində tutulub, iyunun 30-u rəsmi ittihamdan sonra azadlığa çıxıb.
Azərbaycan torpaqlarının işğalında öncül şəxslərdən olmuş Manvel Qriqoryanı iyunun 16-da Milli Təhlükəsizlik Xidməti tutub. O, qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinir. Generala məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb.
Milli Məclisin üzvü olan generalın toxunulmazlığının ləğvinə parlament iyunun 19-da razılıq verib, həbs qərarını həmin gün paytaxt Yerevanda məhkəmə çıxarıb.
Manvel Qriqoryan 1956-cı ildə Eçmiədzinin Arşaluys kəndində doğulub. Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Dağlıq Qarabağda müxtəlif hərbi hissələrə komandirlik edib, Ermənistan Ordusunda korpus komandiri olub. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub.
2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.
Manvel Qriqoryanın oğlu Karen Qriqoryan iyunun 18-də Eçmiədzin meri postundan istefa verib. Ermənistanın Xüsusi İstintaq Xidməti iyunun 23-də ona da ittiham irəli sürüb. İstintaq üzə çıxarıb ki, 2016-cı ilin mayında Karen Qriqoryan atası ilə və başqa şəxslərlə əlbir olaraq Rusiyadakı erməni diasporunun Dağlıq Qarabağa göndərdiyi UAZ markalı üç avtomobili mənimsəyib. Avtomobillər Eçmiədzində, Manvel Qriqoryana məxsus ərazidə aşkarlanıb.
Karen Qriqoryan haqqında başqa yerə getməmək qətimkan tədbiri seçilib.