1/8 final: kimin nə şansı var?
- 29 İyun 2018
- comments
- Novator.az
- Posted in ManşetŞərh
Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı yeni təqdimatını diqqətə çatdırır.
İyunun 14-dən Rusiyada keçirilən çempionatda qrup turniri başa çatıb, 16 komanda 1/8 finala adlayıb.
Fransa – Argentina
Son 7 matçında məğlub olmayan Fransa millisi 5 görüşdə qələbə qazansa da, bu mundialda oyunu ilə müsbət mənada fərqlənmir. Fransızlar aşkar cinah hücumlarına üstünlük vermələri və hava mübarizələrinin çoxunda qalib gəlmələri ilə diqqət çəkirlər.
Hazırkı dünya çempionatının ən yaşlı komandası olan Argentina isə topa daha çox nəzarət etməyə çalışır. Heyətində əfsanəvi Lionel Messi kimi futbolçu yer alsa da, Argentina millisi qrup mərhələsini cəmi 4 xalla adlayan iki komandadan biridir. Bundan başqa cəmi 3 qol vuran və öz qapılarından 5 top buraxan argentinalılar 1/8 finalçılar arasında ən mənfi top fərqinə malikdirlər.
Şəxsi görüşlərinə gəlincə, rəqiblərin XXI əsrdə hər iki qarşılaşmasında argentinalıların üzü gülüb: 2007-ci ildə 1:0, 2009-cu ildə isə 2:0 hesablı nəticə qeydə alınıb.
Maraqlıdır ki, 9 il əvvəl Marseldəki yoldaşlıq görüşündə heyətində Xavyer Maskerano və Serxio Agüeronun da yer aldığı Argentinanın ikinci qolunu məhz Messi vurub, komandanın baş məşqçisi isə əfsanəvi Dieqo Maradona olub.
Uruqvay – Portuqaliya
Uruqvay 1/8 finala 100 faizli nəticə ilə çıxsa da, rəqiblərinin digər qruplara nisbətən daha zəif olduğunu vurğulamaq lazımdır. Bununla belə, yoldaşlıq görüşləri də nəzərə alınmaqla uruqvaylıların bu il keçirdikləri 6 oyunun hamısında qələbə qazanmaları və bu qarşılaşmalarda qapılarından top buraxmamaları diqqət çəkir (11-0).
Uzun ötürmələrə üstünlük verən Portuqaliya millisi isə cərimə meydançasının kənarından hər imkanda rəqib qapısına zərbə vurmağa çalışır. Bununla belə, Kriştiano Ronaldonun uruqvaylı Fernando Musleranın qapısına yol tapması asan olmayacaq. Pepe və oyundaşları isə öz növbəsində Luis Suares və Edinson Kavaninin hücumlarının qarşısını kəsməkdə çətinlik çəkəcəklər.
Amma maraqlıdır ki, son bir ayda heç-heçə etdiyi hər oyundan sonra qələbə qazanmağı bacaran (2 qələbə və 3 heç-heçə) Avropa çempionları uruqvaylıların qarşısına İranla heç-heçədən sonra çıxacaqlar.
Eysebio və oyundaşlarının 1966-cı ildə yoldaşlıq matçında Uruqvaya qalib gəlmələri də (3:0) Ronaldo və oyundaşlarına örnək ola bilər. Rəqiblərin 1972-ci ildə keçirilən son şəxsi görüşü isə heç-heçə yekunlaşıb – 1:1.
İspaniya – Rusiya
2012-ci ildə Avropa çempionu olduqdan sonra böyük yarışlarda uğursuzluqla üzləşən İspaniya millisi yenə topa sahib olmada və dəqiq ötürmələrin faizində lider olsa da, göstərdiyi nəticələr gələcəyə nikbin baxmağa əsas vermir. Qısa ötürmələrə üstünlük verən İspaniya oyunu əsasən hücumda keçirməsinə baxmayaraq az qala qapıçı meydançasından rəqib qapısına zərbə vurmağa çalışır. Öz qapısından 5 top buraxan komandanın müdafiə xətti isə 1/8 finalçılar arasında ən zəiflərdən biridir.
Amma ispanların bəxtinə pley-offda ən zəif hesab olunan Rusiya çıxıb. Bu il keçirdiyi 7 oyunda hər heç-heçədən sonra mütləq qalib gələn (3 qələbə, 4 heç-heçə) İspaniyanın son olaraq Mərakeşlə bərabərə qaldığını da xatırladaq – 2:2.
Rusiya millisi isə A qrupunda deyil, digər qruplarda yer alsaydı, çətin 1/8 finala çıxardı. Komandanın məhsuldarlığı rəqiblərin zəifliyi ilə bağlıdır. Amma unutmayaq ki, tarixlərində ilk dəfə qrup mərhələsini adlamaqla əsas hədəflərinə çatan rusların ispanlarla oyuna daha rahat çıxmaları onlara əlavə üstünlük verə bilər.
Rəqiblərin şəxsi görüşlərinə gəlincə, ispanlar çempion olduqları AÇ-2008-də ruslara iki dəfə qalib gəldikdən sonra (4:1, 3:0) onlarla yalnız 2017-ci ilin noyabrında yoldaşlıq görüşündə qarşılaşıblar – 3:3.
Xorvatiya – Danimarka
Güclü qrupdan 100 faizli nəticə ilə çıxması Xorvatiyanın gücündən xəbər verir. Debüt etdikləri 1998 mundialında 3-cü yeri tutandan sonra qatıldıqları üç dünya çempionatında qrupda qalan xorvatlar artıq bu uğursuz tilsimi də qırıblar. Zirvəyə gedən yolda növbəti maneə isə Danimarka millisidir.
Özü də dünya və Avropa çempionatlarının final turnirində yalnız bir dəfə – AÇ-1996-nın qrup mərhələsində qarşılaşan bu rəqiblərin o vaxtkı oyununda sevinən tərəf məhz Xorvatiya olub – 3:0. Komandaların ən son görüşündə – 2004-cü ilin iyununda Kopenhagendə keçirilən yoldaşlıq matçında da xorvatlar qalib gəliblər (2:1).
Qrup mərhələsində cəmi 2 qol vuran Danimarka millisi Rusiya mundialında öz oyunu ilə müsbət mənada fərqlənməsə də, nəticə qazanmağı bacarır. Bunda komandanın qapıçısı Kasper Şmeyxelin əməyi xüsusilə böyükdür. 2016-cı ilin noyabrından bəri uduzmayan (9 qələbə və 9 heç-heçə) və əsas heyəti bu il 7 oyunda 3 qələbə və 4 heç-heçəyə imza atan danimarkalılar qarşısında Luka Modriç və oyundaşlarının işi heç də asan olmayacaq.
Braziliya – Meksika
Mundialın əsas favoriti Braziliya bu il keçirdiyi 7 oyundan 6-da qələbə qazansa da, İsveçrə bu komandaya uduzmamağın mümkünlüyünü sübut edib və onlara qol da vurub – 1:1.
Meksika isə pley-offda Mərkəzi Amerikanın yeganə təmsilçisidir. İştirak etdiyi son 6 mundialın hamısında 1/8 finalda ilişib qalan meksikalılara bu tilsimi qırmaq asan başa gəlməyəcək. Rusiya mundialında ən yaşlı komandalardan biri olan Meksika hazırda Almaniyaya qalib gəlib, İsveçə uduzacaq gücdədir. Qrup mərhələsində cəmi 3 qol vurması isə meksikalıların hücum potensialının zəifliyindən xəbər verir. Bu səbəbdən komandanın əsas ümidi qapıçı Gilyermo Oçoadır.
Braziliyalılar 2015-ci ildə yoldaşlıq görüşündə meksikalılara 2:0 hesabı ilə qalib gəlsələr də, öz ölkələrində keçirilən 2014 mundialında onların müqavimətini qıra bilməyiblər – 0:0.
Meksikalıların pentakampeonlarla oyunlardakı son qalibiyyətisə 2012-ci ilə təsadüf edir – 2:0.
Belçika – Yaponiya
Yaponiya bu mundialda yeganə komandadır ki, əsasən ilk oyundakı qələbəsi sayəsində yoluna davam edir. Özü də onlar oyunun 3-cü dəqiqəsindən azlıqda qalan Kolumbiyanı məğlub etməklə buna nail olublar. Qrupda Seneqalı sarı vərəqələrinin azlığına görə qabaqlayan “Betis”li Takaşi İnui və oyundaşları futbolda intizamlı oyunun da vacibliyini sübut ediblər.
Artıq 1/8 finala çıxmaqla əsas vəzifəsinin öhdəsindən gələn Yaponiya millisi özü də bu mərhələdə yeganə Asiya təmsilçisidir. 1/4 finala adlamaqla yaponlar tarixlərində ən yüksək nailiyyətə imza ata bilərlər.
Amma çətin Belçika yaponların sensasiyaya imza atmasına imkan versin. Yoldaşlıq görüşlərini də nəzərə almaqla belçikalıların qələbə seriyası artıq 5 oyuna çatıb.
9 qolla qrup mərhələsinin ən məhsuldar komandası olan Belçikanın əsas hücumçusu Romelu Lukaku (4 qol) yenə yaponları məyus etməyə çalışacaq. Bu rəqiblərin 2017-ci ilin noyabrında Brüggedə keçirilən yoldaşlıq oyununda məhz Lukakunun qolu ilə belçikalılar 1:0 hesablı qələbəyə seviniblər. Komandaların dünya çempionatlarında yeganə görüşü isə 2002-ci ilə təsadüf edir – 2:2.
İsveç – İsveçrə
Güclü rəqiblərlə mübarizədən sonra qrup mərhələsini adlayan bu komandaların gücü təxminən eynidir. Düzdür, İsveçrə ilə müqayisədə İsveç müdafiəyə daha çox fikir verməsi ilə seçilir və mundialda 5 qoldan 2-ni penaltidən vurub.
Həm də bu il keçirdikləri 7 oyunda 2 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətə imza atan isveçlilər qeyri-sabit nəticələrlə fərqlənsələr də, F qrupunda lider olmaları göstərir ki, onlardan hər sürprizi gözləməyə dəyər.
Son bir ayda hər heç-heçədən sonrakı oyunda mütləq qələbə qazanan (5 oyun, 2 qələbə, 3 heç-heçə) Cerdan Şakirinin komandası isə məhz Kosta Rika ilə bərabərlikdən (2:2) sonra Andreas Qrankvist və oyundaşlarının qarşısına çıxacaq.
Özü də hər iki rəqib üçün 1/4 finala yüksəlmək böyük uğur sayılacaq. İsveçlilər bunu sonuncu dəfə DÇ-1994-də (hətta 4-cü yeri tutublar), isveçrəlilər isə uzaq DÇ-1954-də bacarıblar.
Rəqiblərin son 20 ildə cəmi iki dəfə qarşılaşması da diqqət çəkir. 2001-ci ildə İsveçrə öz meydanında İsveçə məğlub olsa da (0:2), növbəti il Malmödə keçirilən yoldaşlıq oyunu bərabərliklə başa çatıb (1:1).
Kolumbiya – İngiltərə
Kolumbiya yeganə komandadır ki, bu mundiala məğlubiyyətlə başlasa da, 1/8 finala çıxa bilib. İlk oyunun artıq 3-cü dəqiqəsində azlıqda qalmaları səbəbindən yaponlara uduzan (1:2) kolumbiyalılar sonra Polşa (3:0) və Seneqal (1:0) kimi komandaları məğlub etməyi bacarıblar. DÇ-2014-də 1/4 finala çıxaraq tarixinin ən yüksək nailiyyətinə imza atan komandanın bu uğuru təkrarlaması asan olmayacaq.
Kolumbiya topu orta xətdə daha çox saxlaması ilə fərqlənsə də, rəqibinin heyətində 5 qolla hazırda mundialın bombardiri olan Harri Keyn kimi futbolçu var. Mundialın ən gənc komandalarından biri olan İngiltərə ikinci heyətlə belçikalılara məğlubiyyətdən əvvəl ardıcıl 4 oyunda qələbə qazanması ilə yadda qalıb.
Devid Bekhemin 20 il əvvəl cərimə zərbəsindən kolumbiyalılara vurduğu qol yadınızdadırmı? Fransa-1998 mundialında Kolumbiyaya 2:0 hesabı ilə qalib gələn ingilislərin 2005-ci ildə yoldaşlıq görüşündə də bu rəqibdən üstün olduqlarını xatırladaq – 3:2.