Azərbaycanda azı 25 il cəza çəkmiş 6 ömürlük məhkum var. Əfv Məsələləri Komissiyasının və Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev Novator.az-a açıqlamasında belə deyib.
Əliməmməd Nuriyev qeyd edib ki, Cinayət Məcəlləsinə 2017-ci il dekabrın 1-də qüvvəyə minən yeniliyə görə, məhkəmə ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin ən azı 25 il həbsdə olduğunu, cəza çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq ömürlük cəzanı 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya məhkumu şərti olaraq vaxtından əvvəl azad edə bilər: “Ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl etməsi halları nəzərə alınır. Əvvəllər bütövlükdə cəza müddətində davranış nəzərə alınırdı, bu baxımdan azı 25 il cəza çəkmiş ömürlük məhkumların cəzadan azad olunmaq üçün müraciət imkanı asanlaşıb. Həm də əvvəllər ömürlük cəza əvəzlənəndə 15 ilədək cəza təyin edilə bilərdi, indi maksimum müddət 10 ildir.
Təbii ki, son söz məhkəmənindir, qərar qəbul olunarkən məhkumun törətdiyi cinayətin xarakteri, onun penitensiar müəssisədə cəza çəkdiyi müddətdə davranışı nəzərə alınacaq”.
Azı 25 il cəza çəkmiş ömürlük məhbuslar 1998-ci ilədək ölüm cəzasına məhkum olunmuş şəxslərdir. Ölüm cəzası ləğv olunandan sonra bu hökm altında yatan şəxslərin cəzası ömürlük həbslə əvəzlənib.
Əliməmməd Nuriyev deyib ki, zaman-zaman ömürlük məhbusların işləri üzrə qərarlar olub: “Bəzi şəxslər cəzadan azad edilib, bəzilərinin cəzası 25 ilə qədər cəza ilə əvəzlənib. Yenə belə qərarlar mümkündür. Amma bu məsələ əfv qaydasında həll olunduğu üçün prezidentin müstəsna səlahiyyətindədir”.
Ömürlük məhbusların işi üzrə xüsusi qrupun fəaliyyət göstərdiyini vurğulayan Əliməmməd Nuriyev deyib ki, bu istiqamətdə bütün müraciətlər diqqətlə araşdırılır: “Təbii ki, müraciət edən hər məhbusun cəzasının yumşaldılması mümkün deyil. Ömürlük məhbusların arasında olduqca ağır cinayətlər, o cümlədən terror cinayəti törətmiş şəxslər var. Hüquq mühafizə sistemi müraciətləri araşdırarkən, məhkəmələr qərar qəbul edərkən bu kimi halları nəzərə alır”.