Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında hərbi parad keçirilib.
Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin ümumilikdə 4000 nəfərədək şəxsi heyəti iştirak edib.
Paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.
Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.
Ölkə prezidenti, ali baş komandan İlham Əliyev hərbi paradda nitq söyləyib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı deyib ki, ordu quruculuğu ən başlıca, ən prioritet məsələdir: “Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”.
Ali baş komandan vurğulayıb ki, bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır: “Ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilib. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda biz hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq. Həmçinin Azərbaycan bir çox ölkələrdən ən müasir silah və texnika alır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.
Çıxışında dövlət başçısı 2016-cı ilin aprelində bir neçə gün ərzində cəbhə xəttində gedən döyüşlərdən söz açıb: “İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törətdi, bizim mövqelərimizi atəşə tutdu, mülki əhaliyə qarşı təcavüz etdi. Həm hərbçilərimiz, həm mülki vətəndaşlar şəhid oldu. Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir.
Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı – Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərdi ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”.
Ali baş komandan ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi əməliyyatdan da danışıb: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində – keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərdi. Biz strateji yüksəklikləri azad etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq.
Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin”.
“Azərbaycan getdikcə güclənəcək” deyən prezident İlham Əliyev vurğulayıb: “Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək.
Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır”.
Dövlət başçısı bildirib ki, 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayraqları hazırda Azadlıq meydanında keçirilən paradda nümayiş etdirilir: “Bu bayraqlar hərbiçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib.
Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.