Gürcüstanın yeni baş naziri Mamuka Baxtadze ləğv olunacaq üç nazirliyin adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, Mamuka Baxtadze iyunun 26-da bəyan edib ki, Mədəniyyət və İdman Nazirliyi Elm və Təhsil Nazirliyinə, Cəzaların İcrası və Probasiya Nazirliyi Ədliyyə Nazirliyinə birləşdirilir. Ləğv olunan Qaçqınların və Məcburi Köçkünlərin İşləri Nazirliyinin səlahiyyətləri Regional İnkişaf və İnfrastruktur; Daxili İşlər; Əmək, Səhiyyə və Sosial Müdafiə nazirlikləri arasında bölüşdürülür. Bununla da nazirliklərin sayı 14-dən 11-ə düşür.
İyunun 13-də Gürcüstan hökuməti istefaya gedib. Bu, Georgi Kvirikaşvilinin həmin gün baş nazir postundan ayrılmasının nəticəsi olub. Yeni hökuməti formalaşdırmaq 2017-ci ilin noyabr ayından maliyyə naziri postunu tutan 1982-ci il təvəllüdlü Mamuka Baxtadzeyə həvalə olunub. İyunun 20-də parlament yeni hökumətin tərkibini təsdiqləyib və onun proqramına xeyir-dua verib.
Mamuka Baxtadzenin hökumətində üç yeni nazir var: xarici işlər naziri vəzifəsinə David Zalkaliani, maliyyə naziri postuna Nikoloz Qaqua, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Georgi Çerkezişvili gətirilib. Qalan nazirlər əvvəlki hökumətin tərkibində də yer alırdı.
Gürcüstanda hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 115 mandat qazanaraq konstitusion çoxluq əldə edib. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir.